Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ağdamın Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilov haqqında çəkilmiş “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.
XQ xəbər verir ki, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Media Şəbəkəsi” tərəfindən hazırlanmış film nümayiş olunub.
Qarabağ qazisi, jurnalist və filmin ssenari müəllifi Rey Kərimoğlu, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxış edərək, şəhid Məzahir Əbilovun keçdiyi şərəfli döyüş yolundan danışıb, belə filmlərin davamlı çəkilməsinin vacibliyini vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Vətənə olan sevgisi, dinc insanlarımızın həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.

