Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Mühəndislik Akademiyası ilə Pakistan Mühəndislər İnstitutu arasında mühəndislik sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.
Akademiyadan XQ-yə bildirilib ki, sənədi Azərbaycan tərəfindən Akademiyanın prezidenti, akademik Arif Paşayev, Pakistan tərəfindən isə İnstitutun prezidenti Farhat Adil imzalayıb.
Memorandumun məqsədi mühəndislik sahəsində elmi, texniki və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir.
Sənədə əsasən, tərəflər elmi və texniki informasiya mübadiləsi aparacaq, beynəlxalq konfrans, seminar və simpoziumların təşkilində əməkdaşlıq edəcək, mühəndislər və tədqiqatçılar arasında əlaqələrin genişləndirilməsi, həmçinin birgə elmi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Bildirilib ki, memorandum Azərbaycan və Pakistanın mühəndislik təşkilatları arasında əlaqələrin genişlənməsinə, beynəlxalq təşəbbüs və layihələrin həyata keçirilməsinə, eləcə də mühəndislik sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Mühəndislik Akademiyası Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (WFEO) üzvü kimi beynəlxalq əməkdaşlığın inkişafına və qlobal mühəndislik ictimaiyyəti ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.

