NATO-nun 2026-cı il Zirvə Toplantısı Ankarada keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyulun 7–8-də Türkiyənin paytaxtı Ankara şəhərində NATO-nun növbəti Zirvə Toplantısı keçiriləcək

XQ xəbər verir ki, sammitdə Alyansa üzv dövlətlərin dövlət və hökumət başçıları, NATO-nun rəhbərliyi, eləcə də tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Zirvə Toplantısında beynəlxalq və regional təhlükəsizlik mühitində baş verən son proseslər, kollektiv müdafiənin gücləndirilməsi, çəkindirmə və müdafiə imkanlarının inkişafı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müttəfiq ölkələr arasında koordinasiyanın artırılması, həmçinin Alyansın strateji prioritetləri ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Bununla yanaşı, NATO-nun qəbul etdiyi əvvəlki qərarların icra vəziyyəti nəzərdən keçiriləcək, Alyansın gələcək fəaliyyət istiqamətlərinə dair siyasi qərarların qəbul edilməsi planlaşdırılır.

Ankara Sammitinin Avro-Atlantik məkanında təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlər arasında həmrəyliyin daha da gücləndirilməsi və mövcud təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyətin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Qeyd edək ki, Türkiyə NATO tarixində ikinci dəfə Zirvə Toplantısına ev sahibliyi edir. Ölkə 2004-cü ildə İstanbul şəhərində keçirilmiş NATO Zirvə Toplantısını qəbul etmişdi. 2026-cı il Zirvə Toplantısının isə Ankara şəhərində təşkil olunması nəzərdə tutulur.

NATO-nun rəsmi proqramına əsasən, sammitin yekununda qəbul ediləcək qərarlar və Birgə Bəyannamə ictimaiyyətə təqdim olunacaq.

Dünya