Regional Meliorasiya Xidməti layihələri

post-img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvanda səfərdə olub. Səfər çərçivəsində Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirilib.

Əsas məqsəd ötən günlərdə anbarda su səviyyəsinin azalması nəticəsində balıqların kütləvi tələf olmasını yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

Qeyd edilib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb. Belə layihələrdən biri “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”, digəri isə “Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələridir. Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, eləcə də “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində ümumilikdə 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də hazırlıq işləri tamamlanıb.

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər