“Yarımçıq qalmış roman”ın təqdimatı

post-img

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Yarımçıq qalmış roman” adlı kitabının təqdimatı keçirilib.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, yeni nəşrdə 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində tarix yazmış və Suqovuşan döyüşlərində şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Nicat Məmmədlidən bəhs olunur. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifi yeni nəşr münasibətilə təbrik edib. Akademik kitabın ideya-məzmun yükündən, müəllifin tədqiqatçı və publisist qələminin gücündən danışıb. O, əsərin təkcə bədii deyil, həm də tarixi və mənəvi dəyər daşıdığını, oxuculara şəhidlik zirvəsinə ucalan bir ömür yolunu təqdim etdiyini vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nuray Əliyeva çıxışında kitabın yalnız şəxsi taleyi deyil, bütöv bir xalqın ruhunu əks etdirdiyini, şəhidin uşaqlıq illəri, məktəb həyatı, ailə tərbiyəsi, vətənpərvər düşüncələri və əsgərliyinin səmimiyyətlə qələmə alındığını vurğulayıb. Digər alimlər – Fərman Xəlilov, Səbuhi İbrahimov, AMEA Naxçıvan Bölməsi Nəşriyyatının redaktoru, şair Qafar Qərib şəhidlərin həyatının ədəbiyyatda əks olunmasının həm tarixi yaddaşın qorunması, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacib olduğuna diqqət çəkiblər.

Əsərin müəllifi Elxan Məmmədov kitabının ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndirib. Eyni zamanda tədbirin təşkilinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edib. Şəhidin valideynləri də çıxış ediblər. Nicatın xatirəsinin əbədiləşdirilməsi üçün bu kitabın yazılmasını xahiş etdiklərini bildirərək, müəllifə və təşkilatçılara təşəkkürlərini çatdırıblar. Onlar bu kitabla təkcə Nicatın yox, onun timsalında bütün şəhidlərin ruhunun yad olunduğunu qeyd ediblər.

Çıxışlar dinlənildikdən sonra İsmayıl Hacıyev “Şuşa zirvədən uca” və müəllifi olduğu “Culfa rayonunun tarixi” adlı kitabını şəhidin ailəsinə təqdim edib.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat