Şərqi Zəngəzurun “yaşıl” potensialına “yaşıl” işıq

post-img

Azərbaycanın zəngin bərpaolunan enerji potensialının mühüm bir hissəsi işğaldan azad edilmiş ərazilərdə cəmləşib. Son illər aparılmış elmi araşdırmalar və tədqiqat işləri nəticəsində burada günəş, külək, hidro və digər bərpaolunan enerji növləri üzrə ciddi imkanların mövcudluğunu tam təsdiqləyib. Mütəxəssislər bölgənin bərpaolunan enerji üzrə texniki potensialını, təxminən, 10 qiqavat həcmində qiymətləndiriblər. Məhz buna görədir ki, dövlət başçısı İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji zonası” elan edib.

2030-cu ilə qədər bölgədə mövcud potensial hesabına 1,6 qiqavat “yaşıl enerji” istehsalına nail olunması planlaşdırılır. Artıq regionun “yaşıl enerji” potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayılda reallaşdırılan layihələr diqqət çəkir. Məlum olduğu kimi, rayon ərazisində icra olunan 240 meqavatlıq “Şəfəq” layihəsi artıq tikinti mərhələsinə qədəm qoyub. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən ən iri layihə sayılan “Şəfəq” Günəş Elektrik Stansiyasında il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bu da illik 120-150 milyon kubmetr təbii qaza qənaət etməyə və 260-330 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Prezident İlham Əliyevin oktyabrın 28-də Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlini qoyması isə bölgənin “yaşıl” sərvətinin ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsində yeni mərhələnin başlanğıcı sayılan bu stansiyaların ümumi gücü 100 meqavat təşkil edəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının postmünaqişə dövründə bərpası və inkişafı prosesinin bir hissəsi olan bu layihələr Azərbaycanın enerji istehsalında şaxələndirmə siyasətini gücləndirməklə 2030-cu ilə qədər ümumi enerji istehsalında “yaşıl” mənbələrin payını 30 faizə çatdırmaq məqsədinə xidmət edir.

Layihə üzrə açıqlanan göstəricilər iqtisadi baxımdan kifayət qədər səmərəlidir. Mərasimdə dövlət başçısına məlumat verilib ki, “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarında ildə, ümumilikdə, 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il, təxminən, 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir. Sözügedən stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. Bu rəqəmlər isə layihələrin təkcə enerji təminatı baxımından deyil, həm də ekoloji sabitlik və iqlim siyasəti baxımından olduqca mühüm əhəmiyyət daşıdığını təsdiqləyir.

Yeri gəlmişkən, “Şəms” və “Üfüq” layihələrinin həyata keçirilməsi dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında aparılır. Layihə bölgədə “yaşıl iqtisadiyyat”ın inkişafına, müasir iş yerlərinin yaradılmasına, enerji infrastrukturunun yenilənməsinə, həm də postmüharibə dövründə əhalinin geri dönüşü üçün infrastruktur təminatına şərait yaradacaq. Bu stansiyalar, həm də regionda enerji müstəqilliyini gücləndirməklə gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə enerji ixrac potensialının artırılmasına və regional enerji təhlükəsizliyinə töhfə verəcək. Bir məqamı da qeyd edək ki, Cəbrayıl rayonunun Zəngilan və Füzuli ilə sərhəddə yerləşməsi, eləcə də nəqliyyat-logistika baxımından əhəmiyyəti buranı yaxın gələcəkdə “yaşıl enerji” klasterinin mərkəzinə çevirəcək.

2027-ci ildə istismara verilməsi planlaşdırılan bu stansiyalar Azərbaycan üçün enerji ixracında bərpaolunan mənbələrin payının artması, regionların dayanıqlı inkişafı və “yaşıl iqtisadiyyat”ın möhkəmlənməsi baxımından dönüş nöqtəsi olacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin enerji sütununu təşkil edəcək bu stansiyalar gələcəkdə Qarabağ və Naxçıvan arasında enerji inteqrasiyasına da zəmin yaradacaq.

Ölkə Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə təməli qoyulan “Şəms” və “Üfüq”, eləcə də hazırda inşası davam etdirilən “Şəfəq” günəş elektrik stansiyalarında istehsal olunacaq “yaşıl enerji”nin bütün bu bölgəni təmin edəcəyini vurğulayaraq deyib ki, Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək günəş və su elektrik stansiyalarının gücü, təqribən, 400 meqavata çatacaq ki, bu da böyük bir şəhərin tələbatını ödəməyə imkan verəcək.

Cəbrayılda “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlqoyma mərasimi Azərbaycanın enerji siyasətinin gələcəyə yönəlmiş vizyonunun göstəricisidir. Dövlətimizin iqtisadi, ekoloji və sosial maraqlarını birləşdirən kompleks layihə olan bu stansiyaların tikintisi Şərqi Zəngəzurun “yaşıl enerji mərkəzi” kimi formalaşmasında əsas mərhələdir. Bu, həm milli, həm də qlobal miqyasda Azərbaycanın “yaşıl enerji lideri” kimi mövqeyini gücləndirəcək və ölkəmizin ixrac potensialını genişləndirəcək.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpaolunan enerji sahəsində aparılan işlər, sadəcə, torpaqların fiziki bərpası ilə məhdudlaşmır. Bu addım həm də Azərbaycanın enerji gələcəyinin yenidən formalaşdırılması deməkdir. Burada günəşin, küləyin və dağ çaylarının enerji potensialı birləşərək regionu təkcə bərpaolunan ərazi deyil, həm “yaşıl enerji zonası”na çevirir. Yaxın perspektiv üçün hədəflənən 1,6 qiqavatlıq “yaşıl enerji” yalnız başlanğıcdır. Regionun zəngin bərpaolunan enerji potensialı isə gələcək üçün daha geniş ixrac imkanları, yeni iqtisadi dinamika deməkdir.

 

 

İqtisadiyyat