Azərbaycan – Çin nəqliyyat əməkdaşlığında yeni layihə

post-img

Sian limanı heyəti Abşeron Logistika Mərkəzində

Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzində olub. Burada qonaqlara mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib, tərəflər arasında iqtisadi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüş çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Abşeron Logistika Mərkəzi İdarə Heyətinin sədri Ziya Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, eləcə də uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur.

Sian Beynəlxalq Terminalının baş direktoru Yuan Syaodzyun bildirib ki, Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi artıq günün tələbinə çevrilib. Onun sözlərinə görə, imzalanmış memorandum Orta Dəhlizin potensialının artırılması və bu istiqamət üzrə yük axınlarının optimallaşdırılması baxımından mühüm addımdır. Qonaq onu da bildirib ki, əməkdaşlığın genişlənməsi iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində inteqrasiyanın güclənməsinə, daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək. Yeri gəlmişkən, 2024-cü il noyabrın 24-də Abşeron Logistika Mərkəzi vasitəsilə Çinə dəmir yolu ilə ilk ixrac uğurla həyata keçirilib.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Azərbaycanın ən böyük logistika infrastrukturu layihələrindən biri olmaqla Orta Dəhliz çərçivəsində Avropa – Asiya ticarət axınlarının təmin edilməsində strateji rol oynayır. Azərbaycan və Çin arasındakı ticarət əlaqələrinin daha da gücləndirilməsinə xidmət edən bu təşəbbüs ölkəmiz üçün regional və qlobal miqyasda mühüm strateji imkanlar açır. Eyni zamanda, bu təşəbbüsün uğurla reallaşdırılması ölkəmizin beynəlxalq logistika sahəsindəki nüfuzunu artırır.

 

İqtisadiyyat