7 il bundan əvvəl müvafiq qanunvericiliyə əsasən qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqqından tutulan vergilər üzrə güzəştlərin tətbiqinə başlandı. Noyabrın 4-də isə respublika mediasında artıq həmin müddətin gələn il yanvarın 1-dən bitəcəyi barədə məlumat yayıldı.
Əslində, bu, informasiyada diqqətçəkən bir yanlışlıq ilk andan narahatlıq doğurdu. Burada 2026-cı il yanvarın 1-dən etibarən ölkə üzrə nəzərdə tutulmuş vergi güzəştinin müddətinin bitməsi yox, onun növbəti illərdə də mərhələli şəkildə tətbiq ediləcəyi vurğulanmalı idi.
Yeri gəlmişkən, 2019-cu ildən etibarən həyata keçirilən və 2026-cı ilin yanvarın 1-də başa çatacağı nəzərdə tutulan qanunvericiliyə əsasən aylıq əməkhaqqı 8 min manata qədər olan vətəndaşın sözügedən sahə üzrə gəlir vergisinə 7 il müddətində 100 faizlik güzəşt verilmişdi. Əməkhaqqı 8 min manatdan çox olan muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslərin isə 14 faiz gəlir vergisi ödəmələri qərara alınmışdı. Bu, dövlətin qeyri-neft sektorunun özəl bölməsinə çox böyük fiskal güzəştə getməsi demək idi. Həmin vergi güzəştinin tətbiqi “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində iqtisadi fəallığı daha da canlandırmaq məqsədi daşıyırdı.
Xatırladaq ki, ötən müddətdə sadalanan istiqamətlər üzrə genişmiqyaslı layihələr reallaşdırılıb və bu, hazırda da davam etdirilir. Ona görə də burada söhbət heç də nəzərdə tutulmuş vergi güzəştinin müddətinin başa çatmasından yox, onun növbəti illərdə də mərhələli şəkildə tətbiqinin diqqət mərkəzində saxlanılmasından, daha konkret desək, reallaşdırılmasından gedir.
Ekspertlər bildirirlər ki, vergi güzəştinin mərhələlərlə həyata keçirilməsi ilə bağlı layihələr gələn ildən başlanacaq. Belə ki, 2026-cı il yanvarın 1-dən 2027-ci ilədək vətəndaşın iş yerində gəliri 2500 manatadək təşkil edərsə, ondan yalnız 3 faizi vergiyə cəlb olunacaq. Yəni 2500 manatadək olan məbləğdən cəmi 75 manat vergi tutulacaq. 2500 manatdan 8 min manatadək olan məbləğin 10 faizi vergiyə cəlb olunacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslərdə isə bu, 14 faiz təşkil edəcək. Eyni zamanda, 8 min manatdan yuxarı əməkhaqqı alan hər bir şəxs 625 manat, üstəgəl 8 min manatdan yuxarı məbləğin 14 faizi qədər, 2500 manatdan 8 min manatadək əməkhaqqı alan isə 75 manat, üstəgəl 2500 manat və 8 min manat məbləğin 10 faizi həddində vergi ödəyəcək.
2027-ci ildən etibarən isə aşağı gəlir həddində olan şəxslər üçün vergi 2 faiz artırılaraq 5 faizə çatdırılacaq. Yəni 2500 manatadək əməkhaqqı alan şəxsin vergisi 5 faiz, 8 min manatadək maaşa sahib vətəndaşın vergisi isə 10 faiz olacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslər isə 2027-ci ildən etibarən 675 manat, üstəgəl 8 min manatdan yuxarı olan məbləğə görə vergi ödəyəcək. Proses 2028-ci ildə yekunlaşacaq və həmin vaxtdan etibarən özəl sektorda çalışan şəxsin vergisi 2500 manatadək olan gəlirin 7 faizi səviyyəsində müəyyənləşəcək.
Hökumət üçpilləli rejimlə vergi tətbiq edəcək. Gəlirlərin yuxarı hissəsində isə fərqli vergi dərəcələri tətbiq olunacaq ki, bu da proqressiv vergi sisteminin xüsusiyyətlərinə uyğun gələcək. Belə ki, əgər vətəndaş əvvəllər 2500 manatadək olan məbləğin 14 faizi qədər vergi verirdisə, 2026-2027-ci illərdə 3 faiz ödəyəcək. Amma onun pensiya fonduna olan ödənişi əvvəlki kimi 10 faiz həddində qalacaq. Bununla da hökumət gələcəkdə vətəndaş pensiyaya çıxdıqda pensiya kapitalının formalaşdırılması üçün ödəmələri saxlayacaq. Yəni birbaşa 14 faizin cəmi 7 faizi ilk mərhələdə vətəndaşın gəlirlərindən tutulacaq.
Beləliklə, 2500 manatadək əməkhaqqı alan şəxslərin vergi yükü 3 faiz artacaq. Halbuki əvvəl əgər 2500 manatadək əməkhaqqı alan şəxslərdə ümumi maaşdan tutulmalar, təqribən, 12,5 faiz idisə (10 faiz pensiya fondu, 2 faiz icbari tibbi sığorta fondu və 0,5 faiz məşğulluq fondu), artıq bu rəqəm 15,5 faizədək artacaq.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov da bu barədə danışarkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində dövlətimizin beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və hərbi potensialı əsaslı şəkildə güclənib. Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi və risklərin artdığı bir şəraitdə respublikamızda makroiqtisadi sabitlik hökm sürür, xarici ticarət balansında davamlı müsbət saldo müşahidə olunur, strateji valyuta ehtiyatları artmaqda davam edir və qeyri-neft-qaz sektoru üzrə fiskal daxilolmalar hesabına dövlət büdcəsinin maliyyə dayanıqlığı daha da güclənir.
Nazir diqqətə çatdırıb ki, 2026-cı il üçün dövlət büdcəsi layihəsinin hazırlanmasında ölkə iqtisadiyyatının cari vəziyyəti qiymətləndirilməklə daxili və xarici amillər nəzərə alınıb və müxtəlif makroiqtisadi ssenarilər nəzərdən keçirilib. Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirib.
2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sahədə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı proqnozlaşdırılır. Son illərdə ölkənin ixrac imkanları da genişlənməkdədir. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz ixracının 2,3 dəfə artması gözlənilir. Ölkənin strateji valyuta ehtiyatları isə 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dolları təşkil edib.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
Milli Məclisdə gələn ilin dövlət büdcəsinin layihəsi müzakirə edilir. Vətəndaşlarımız növbəti ilin büdcəsində hansı dəyişikliklərin baş verəcəyini diqqətlə izləyir. Əslində belə də olmalıdır. Çünki büdcə vətəndaşların hüquqi və ya fiziki şəxs olaraq ödədikləri vergilərin və digər ödənişlərin hesabına formalaşır. Nəzərə alsaq ki, büdcənin xərclərinin 40 faizdən çoxu sosial yönümlü xərclərdir, o halda növbəti ilin büdcəsinin göstəricilərinin hər bir vətəndaş üçün nə qədər maraqlı olması tam təbiidir.
Növbəti ilin büdcəsində baş verən əsas dəyişikliklərdən biri 2019-cu il yanvar ayının 1-dən etibarən əmək haqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştin 2026-cı ildən başlayaraq mərhələlərlə aradan qaldırılması olacaq. Xatırladaq ki, bu güzəşt dünyada baş vermiş və ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən yaranmış çətinlikləri aradan qaldırmaq məqsədilə 7 il müddətinə tətbiq edilmişdir. Bu ilin sonunda həmin müddət bitir. Lakin hökumət güzəştin birdən-birə tam ləğv edilməsini deyil, onun bir neçə ilə mərhəllələrlə artırılmasını nəzərdə tutur. Belə ki, növbəti ildə əməkhaqqı alan şəxslərin böyük bir qismini əhatə edən 2500 manatadək olan gəlirə cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Bu rəqəm 2027-ci ildə 5 faiz, 2028-ci ildə 7 faiz təşkil edəcək.
Beləliklə, sonda Azərbaycanda daimi gəlir vergisi 2500 manatadək olan əməkhaqqı məbləğindən 7 faiz, 8 min manatadək əməkhaqqı məbləğindən 10 faiz, 8000 manatdan yuxarı əməkhaqqı üçün isə 14 faiz müəyyən ediləcək.
Dünyanın inkişaf etmiş ölkələrində əməkhaqqından gəlir vergisinin dərəcələri olduqca yüksəkdir. Azərbaycan hökuməti pandemiya dövründə iqtisadiyyatın qeyri-neft sektorunda yaranmış çətinliklərin aradan qaldırılması və biznesin dəstəklənməsi məqsədilə bir çox addımlar atmışdı. Əməkhaqqından tutulan vergilərə 7 il müddətinə tətbiq edilən güzəşt də həmin sıradan olan dövlət dəstəyinin bir hissəsi kimi dəyərləndirilməlidir.
Dünyada və ölkəmizdə pandemiyanın bitməsinə baxmayaraq, hökumət 7 il tətbiq edilmiş güzəştin vaxtı bitdikdən sonra onun birdən-birə dayandırılması yolunu seçmədi. Bu, o deməkdir ki, hökumət ölkədə real sektorun üstün inkişafını təmin edə biləcək mümkün addımları yenə də atmaqdadır.
Çox təəssüflər olsun ki, bəzi qüvvələr gələn ildə vaxtı bitmiş əməkhaqqından vergi güzəştlərinin mərhələli şəkildə dayandırılmasını az qala təxribat kimi cəmiyyətə təqdim etməyə çalışırlar. Dünyanın ayrı-ayrı ölkələrində əməkhaqqından vergilərin hansı səviyyədə olmasından xəbərsiz bəzi bloggerlər və özünə ekspert deyənlərə tövsiyəmiz odur ki, onlar belə müqayisələr apararkən, ölkələrin təcrübəsinin araşdırılması zərurətini də unutmasınlar. O zaman həmin ölkələrdə əməkhaqqından vergilərin hansı dərəcələrlə tutulması aydın olar.
Vaqif BAYRAMOV
XQ


