Tbilisidə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlər iclası keçirilib

post-img

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boglarka İlles, Rumıniyanı isə Energetika Nazirliyinin dövlət katibi Cristian Busoi təmsil edib. İclasda, həmçinin Bolqarıstan, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO), “CESI” və dörd ölkənin elektrik enerjisi şirkətlərinin nümayəndələri də iştirak ediblər. 

İclasda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyəti, texniki-iqtisadi əsaslandırma (TİƏ) üzrə görülən işlər və növbəti mərhələyə dair planlar, biznes modellər, layihənin qoşulma sxemləri, fiber-optik kabel (FOC) komponenti, Bolqarıstanın layihəyə qoşulması, xarici investisiyanın cəlbi, eləcə də Aİ ilə maliyyələşmə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. GECO və CESI-nin təqdimatları, həmçinin “Qara Dəniz Sualtı Kabel” layihəsinin gedişatı nəzərdən keçirilib. Regionda bərpa olunan enerji sahəsində son yeniliklər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Energetika naziri Pərviz Şahbazov  bildirib ki, layihə üzrə bazar, ötürmə və marşrut analizləri, eləcə də maliyyə modelləşdirilməsi daxil olmaqla texniki-iqtisadi əsaslandırmanın qalan mərhələsinin 2026-cı ilin əvvəlinədək yekunlaşdırılmasını gözləyirik. Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsi (ENTSO-E) “Yaşıl Enerji Dəhlizi” layihəsini növbəti Onillik Şəbəkə İnkişaf Planının (TYNDP) ilkin siyahısına daxil edib. TYNDP siyahısına daxilolma layihənin PCI/PMI (Ümumi/Ortaq Maraqlar Layihəsi) statusu əldə etməsi üçün imkan yaradır. Nazir “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nə (GECO) layihənin fiber-optik kabel komponenti ilə bağlı “CESI” ilə müqavilə imzalamaq mandatının verilməsini, həmçinin Xəzərdən Avropaya uzanan enerji dəhlizi ilə “Qara Dəniz Sualtı Kabel” layihəsi arasında strateji və texniki sinerjilərin araşdırılmasını  və tövsiyələrin hazırlanmasını təklif edib.

Müzakirələrin nəticəsi olaraq CESI-yə TİƏ üzrə tədqiqatı ən geci martın sonunadək tamamlaması tapşırılıb. GECO-ya isə texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdə layihənin inkişaf modellərini müəyyənləşdirmək, tərəfdaşlar, potensial investorlar, avadanlıq təchizatçıları və istehsalçıları ilə fəal danışıqlara başlamaq, həmçinin layihənin irəliləyişini təmin etmək üçün texniki, hüquqi və maliyyə yanaşmalarının uyğunlaşdırılması məqsədilə sıx koordinasiyanı davam etdirmək tapşırılıb. 

Həmçinin Azərbaycanın “Qara Dəniz Sualtı Kabel” layihəsi və “Yaşıl Enerji Dəhlizi”  ilə bağlı təklifi qəbul edilərək layihələrin bir-biri ilə əlaqəli olduğu və Sazişin konsepsiyasına tam uyğun gəldiyi vurğulanıb. Transsərhəd ötürmə qabiliyyətinin və regional enerji əlaqəliliyinin artırılması üçün iki layihə arasında sinerjilərin araşdırılıb inkişaf etdirilməsi barədə razılığa gəlinib. Bu məqsədlə, nazir müavinləri və GECO nümayəndələrindən ibarət İşçi qrupuna əlavə koordinasiya tədbirlərinə dair ümumi yanaşmanı hazırlamaq və növbəti iclasda təqdim etmək tapşırılıb.

Bundan əlavə, ölkələr tərəfindən Bolqarıstanın sazişə qoşulması və GECO-ya daxil olması üçün hüquqi prosedurların başlanmasına hazır olduqları bir daha təsdiqlənib. ENTSO-E və Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi və layihənin Aİ prioritetlərinə uyğunlaşdırılması məqsədilə işlərin “Transelectrica” və GECO tərəfindən aparılması qərara alınıb. 

Dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.

XQ





İqtisadiyyat