Mayın 26-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların və kifayət qədər böyük potensialın mövcudluğu qeyd olunub.
Sahibə Qafarova Azərbaycan ilə Misir arasında ikitərəfli və çoxtərəfli münasibətlərə əhəmiyyətli müsbət təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, 2023-cü ildə Misirə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib və parlamentlərarası münasibətlərin dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin rolunu xüsusi olaraq diqqətə çatdırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Misir Senatının sədri Abdel Vahab Abdel Razeq Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirib, Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, bu görüşün mehriban və səmimi şəraitdə keçdiyini vurğulayıb.
Senatın sədri hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətlərinin, qarşılıqlı səfərlərinin və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.