Qafqazın yeni “üçbucağı”

post-img

Hindistanın silah dəhlizi regiona dinclik yox, təhlükə daşıyacaq

Geosiyasi dəyişikliklər və regiondakı yeni təhlükəsizlik çağırışları fonunda Ermənistanın qonşu ölkələrlə əməkdaşlıqdan çox, uzaq Hindistan və sərhədi olmayan Yunanıstanla strateji tərəfdaşlığa üstünlük verməsi xüsusi diqqət cəlb edir. Bu kontekstdə İrəvanın Hindistanın “Make in India” (“Hindistanda istehsal et”) strategiyası çərçivəsində hərbi-sənaye istehsalının lokallaşdırılması və inkişafında iştirak etməyə maraq göstərməsi təsadüfi deyil. Ermənistan nümayəndə heyətinin Afinada Hindistanın Uttar Pradeş ştatının rəsmiləri ilə keçirdiyi görüş və “Hindistan Müdafiə Sənayesi Dəhlizi” layihəsində iştiraka dair danışıqları region üçün ciddi geosiyasi siqnal kimi qiymətləndirilə bilər.

“Hindistan Müdafiə Sənayesi Dəhlizi” layihəsi Hindistanın müdafiə sənayesini inkişaf etdirməyə və onun silah idxalından asılılığını azaltmağa yönəlmiş bir təşəbbüsdür. Proqram Uttar Pradeş və Tamil Nadu ştatlarında hərbi texnika və aerokosmik texnologiyalar istehsalı ilə məşğul olan müəssisələrin cəmləşdiyi iki sənaye dəhlizi yaradır. Hərbi ekspertlər bildirirlər ki, Hindistan yerli silah istehsalının payını artırmağı və ölkənin müdafiə istehsalının 70 faizinə çatmağı hədəfləyir. Yerli mütəxəssislər də iddia edirlər ki, dəhlizlər regionların inkişafına, iş yerlərinin açılmasına, investisiyaların cəlb olunmasına töhfə verir. Yəni rəsmi Yeni Dehli hamını inandırmağa çalışır ki, Hindistan müdafiə müstəqilliyini gücləndirmək üçün “Hindistanda istehsal et” proqramını fəal şəkildə təbliğ edir və bu dəhlizlər Hindistanın müdafiə sənayesinin modernləşdirilməsində və müdafiə ixracının genişləndirilməsində əsas rol oynayır.

Ümumiyyətlə, Hindistan yüksək texnoloji silahların istehsalı sahəsində inkişaf etmək istəyir, özünü təmin etməyə çalışır və qlobal silah bazarında mövqeyini möhkəmləndirməyi planlaşdırır. Doğrudur, ölkə bir sıra müasir sistemlər istehsal edir, ancaq yüksək texnoloji seqmentdə Hindistanın aparıcı gücə çevrilmə şansı hazırda böyük deyil, bu yol çətinliklərlə doludur. Hindistan silahlarının keyfiyyəti də müzakirə mövzusudur. Bu kontekstdə Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməyən Ermənistan Hindistanla strateji əməkdaşlıq əlaqələri qurur. Təsadüfi deyil ki, son illər Ermənistan silah bazarında ənənəvi tərəfdaşı olan Rusiyadan yox, Hindistandan silah alır. Amma burada mühüm bir məqam var. Hindistan hazırda qlobal silah bazarında satıcıdan çox alıcı kimi tanınır. Onu hətta silah idxalında dünya lideri adlandırmaq olar. Bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən il dərc etdiyi beynəlxalq silah transferlərinə dair hesabat da təsdiqləyir. Yəni Ermənistana silah satan Hindistan özü də başqa ölkələrdən silah alır və raket, təyyarə və döyüş gəmilərinin istehsalı üçün lazım olan kritik texnologiyalara malik deyil.

Bununla belə, Hindistan Pakistan ilə son qarşıdurmadakı uğursuzluğu və Türkiyənin, eləcə də Azərbaycanın İslamabadı birmənalı dəstəkləmələri fonunda Ermənistanı öz orbitinə çəkməyə can atır. Rusiyanın hərbi texnologiyaları əsasında yaratdığı silahları İrəvana satır və bununla da Cənubi Qafqaz regionunda güclü Azərbaycan-Türkiyə-Pakistan ittifaqına qarşı güc balansı yaratmağa çalışır. Ermənistana Hindistan silahlarının tədarükü ilə bağlı bəyanatlar, o cümlədən bəzi məlumatlara görə, “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raket sistemləri, artilleriya, eləcə də, digər sistemlər Azərbaycan tərəfindən regional sabitlik və təhlükəsizliyə birbaşa təhdid kimi qəbul edilir. Ermənistanın xarici təchizatlar hesabına hərbi potensialını gücləndirməyə yönəlmiş bu siyasəti Bakıda ciddi narahatlıq doğurur.

Xüsusilə Hindistan, Yunanıstan və Ermənistan arasında intensivləşən siyasi və hərbi əlaqələr, yeni bir geosiyasi üçbucağın – Hindistan–Yunanıstan–Ermənistan oxunun formalaşmaqda olduğunu göstərir. Bu üç ölkənin əməkdaşlığı yalnız ikitərəfli maraqlardan irəli gəlmir, həm də onların ortaq rəqiblərə və regional dinamikaya qarşı strateji balans yaratmaq niyyətini əks etdirir. Lakin bu cür ittifaqlar, xüsusilə, Cənubi Qafqaz, Aralıq dənizi və Egey dənizi regionları kimi həssas və çoxqütblü coğrafiyalarda sabitliyə ciddi risklər yarada bilər. Hindistan üçün bu əməkdaşlıq Türkiyə və Pakistanın strateji yaxınlaşmasına qarşı balans yaratmaq vasitəsidir. Ermənistan və Yunanıstanın Türkiyəyə qarşı mövqeləri bu baxımdan Hindistanı belə təşəbbüslərlə çıxış etməyə cəsarətləndirir.

Yunanıstan da öz növbəsində Egey dənizi və Şərqi Aralıq dənizində Türkiyə ilə gərginliyi nəzərə alaraq, Hindistan ilə ittifaq qurmaqla öz mövqeyini gücləndirməyə çalışır. Afina Yeni Delhi ilə əməkdaşlığı gücləndirməklə əsas rəqibi Türkiyəni beynəlxalq məkanlarda təcrid etməyə çalışmaq kimi perspektivsiz siyasət yürüdür. Bu kimi addımlar, təbii ki, NATO daxilində yeni gərginlik yaradır. Eyni zamanda, Yunanıstan-Hindistan oxu Aralıq dənizi regionunda Türkiyənin təsir dairəsini məhdudlaşdırmaq üçün müsəlman olmayan yeni ittifaq quruculuğu kimi qəbul edilir.

Ermənistan isə bu əməkdaşlıqla həm regional izoliyasiyadan çıxmaq, həm də Azərbaycan və Türkiyəyə qarşı alternativ dəstək qazanmaq niyyətindədir. Amma İrəvanın bu istəyi özündə böyük riskləri ehtiva edir. Çünki Ermənistanın Hindistanla hərbi əməkdaşlığı dərinləşdirməsi, o cümlədən “India Defence Industrial Corridor” layihəsinə maraq göstərməsi regionda sabitliyiə təhdiddir. Bu isə 2020-ci ildən sonra yenidən formalaşan geosiyasi status-kvonu poza və sülh danışıqlarına zərbə vura bilər. İrəvan anlamaldıır ki, “fillər ölkəsi”nin geosiyasi oyununun alətinə çevrilməklə Azərbaycanın təhlükəsizlik narahatlıqlarını artırır. Ermənistanın yeni silah mənbələri hesabına hərbi potensialını əhəmiyyətli dərəcədə artırmaq cəhdləri 2020-ci il məğlubiyyətindən sonra regionda yaranmış balansı dəyişmək və gərginliyin yeni mərhələsi üçün ilkin şərtlər yaratmaq cəhdi kimi qəbul edilir.

Hindistan–Yunanıstan–Ermənistan oxunun formalaşdırılması təhlükəli presedent yaradır. Bu format qarşılıqlı düşmənçiliyə əsaslanan əməkdaşlıqdır. Üçtərəfli əməkdaşlığın əsas dayaq nöqtəsi pozitiv əməkdaşlıqdan daha çox ortaq rəqiblərə qarşı yönəlmiş düşmənçilikdir. Ən əsası, bu, beynəlxalq münasibətlərdə təhlükəli presedentdir. Belə alyans regional sabitlik və çoxtərəfli diplomatik təşəbbüslərin əleyhinə işləyir. Bu mənada Ermənistanın Hindistanla müdafiə sahəsində əlaqələri dərinləşdirmək cəhdi İrəvanın hərbi ritorikasının arxasında real planların dayandığını göstərir. Əgər bu planlar həyata keçərsə, Ermənistan təkcə silah idxalçısı deyil, həm də istehsalçısına çevrilə bilər ki, bu da Cənubi Qafqazda silahlanma yarışını daha da dərinləşdirər. Bu ittifaqın ən riskli cəhəti odur ki, ortaq maraqlardan daha çox ortaq rəqiblərə olan antipatiya əsasında qurulur. Qarşılıqlı düşmənçiliyin siyasi blokun bazasına çevrilməsi Cənubi Qafqaz, Aralıq dənizi və Orta Asiya kimi regionlarda yeni gərginlik mənbələri yarada bilər.

Bir sözlə, Hindistan–Yunanıstan–Ermənistan oxunun formalaşması, ilk baxışda regional tərəfdaşlıq kimi qiymətləndirilsə də, faktiki olaraq bu təşəbbüs dinc əməkdaşlıq deyil, qarşılıqlı geosiyasi bloklanma üzərində qurulması, sabitliyə yox, qeyri-müəyyənlik və toqquşmalara yol aça bilər. Xüsusilə, sərhədlərin demarkasiyası, nəqliyyat dəhlizləri və sülh müqaviləsi layihələrinin beynəlxalq platformalarda fəal müzakirə olunduğu bir vaxtda hərbi-müdafiə təşəbbüslərində iştirak qarşıdurmanın strateji seçimi kimi görünür. Hərbi potensialın artırılmasına yönəlmiş müdafiə layihəsində iştirak Ermənistanın Azərbaycanla diplomatik nizamlanmadan daha çox “güclər balansına” mərc etdiyinə işarə kimi qəbul edilir. İrəvan unudur ki, sülhün bərqərar olması etimad tələb edir, militarizasiya yox. Əlbəttə, Azərbaycan vəziyyəti diqqətlə izləyir. Rəsmi Bakı Ermənistana silah tədarükü ilə bağlı narahatlığını ifadə edərək, bunun regional sabitliyi pozduğunu və sülhün bərqərar olmasına mane olduğunu bəyan edir.

Beləliklə, Hindistanın Ermənistanı silahlandırması və İrəvanl hərbi təşəbbüslərinə qoşmağa çalışması Cənubi Qafqazda gərginliyin yeni ölçüsünü yaradır. Bu, bütün regional və beynəlxalq aktorların diqqətinin artırılmasını tələb edir, çünki regionun gələcək hərbiləşdirilməsi uzunmüddətli sabitlik və sülh üçün gözlənilməz və mənfi nəticələrə səbəb ola bilər. İrəvan unutmamalıdır ki, Azərbaycan heç bir halda milli maraqlarının zəifləməsinə imkan verməyəcək və təhlükəsizliyinə yönələn təhdidləri neytrallaşdıracaq addımları atmaqda tərəddüd etməyəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət