Dövlət büdcəsinin icrası müzakirə olunub

post-img

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub. Komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) və 2024-cü ilin büdcəsinin icrası barədə hesabatın müzakirə olunacağını söyləyib. O, bu sənədlərin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini deyib.

Azər Əmiraslanov məsələ ilə əlaqədar fikirlərini açıqlayaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və müvafiq hesabatın büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib. Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb.

Komitə sədri dövlətimizin başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb.

Maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatı təqdim edib. O, bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda 2024-cü il Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf göstəriciləri və nailiyyətlərlə yadda qalıb. Dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclər müsbət dinamika ilə icra olunub.

2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın yüksək səviyyədə hazırlandığını, iqtisadi hədəflərə uyğun olduğunu, habelə Hesablama Palatasının rəyinin obyektiv və dolğun şəkildə tərtib edildiyini bildiriblər, bəzi qeyd və təkliflərini də səsləndiriblər. Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

XQ

Son xəbərlər