Heydər Əliyev Fondu və Azərbaycanın Çindəki səfirliyi Pekin Uşaq Rifah İnstitutunda müalicə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
Layihə çərçivəsində fiziki və zehni cəhətdən qüsurlu uşaqların tədrisinə dəstək məqsədilə süni intellekt əsasında hazırlanmış xüsusi tədris avadanlıqları hədiyə olunub.
Tədbirdə Heydər Əliyev Fondunun öz fəaliyyətini Ümummilli liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurduğu, fondun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik təşəbbüslərinin təkcə Azərbaycanı deyil, dünyanın bir çox ölkəsini əhatə etdiyi bildirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan tədbirdə çıxış edən səfir Bünyad Hüseynov görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük diqqət yetirdiklərini vurğulayan diplomat əlavə edib ki, məhz həmin yanaşmanın nəticəsində Azərbaycan–Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
XQ


