Ölkəmizdə olduğu kimi qardaş Türkiyədə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ortaq dəyərlərimizə sevgi və sayğı ilə qeyd edilir. Türkiyə Prezident Administrasiyasının “Beştəpə” Konqres və Mədəniyyət Mərkəzində 28 May Müstəqillik Günü münasibətilə keçirilən təntənəli mərasim dostluq və qardaşlıq bayramı şənliyinə çevrilib.
Bu barədə XQ-yə məlumat verən Bilkənt Universitetinin professoru, Əməkdar elm xadimi Əmirulla Məmmədov bildirib ki, ölkəmizin Ankaradakı səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Türkiyənin dövlət və hökumət təmsilçiləri, qardaş ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri, hərbi məktəblərin kursantları iştirak ediblər. Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, azərbaycanəsilli türkiyəli millət vəkili Şamil Ayrım, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Başar Kömür mərasim iştirakçıları sırasında olublar.
Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına təbrik mesajı ilə başlayıb. Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. “1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında hüquqi və dünyəvi dövlət nümunəsi idi”, – deyən diplomat bildirib ki, cümhuriyyət 23 ay fəaliyyət göstərsə də, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət strukturlarının yaranmasına nail olub.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.
Azərbaycanla bağlı videoçarxın nümayişi ilə davam edən mərasimdə çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankara ilə Bakı arasındakı sarsılmaz birliyin davam edəcəyinə əmin olduğunu deyib və vurğulayıb ki, Türkiyənin can Azərbaycanla birlikdə regionda təhlükəsizlik və sabitlik istiqamətində atdığı addımlar çox vacibdir. Bizim birliyimiz Türk dünyası üçün də əhəmiyyətlidir. Türkiyə və Azərbaycan ümumi ideallar ətrafında birləşərək gələcəklərini birlikdə qurur.
Mərasim konsert proqramı ilə davam edib.
N.QƏDİMOĞLU
XQ