Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

post-img

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Nizami rayon komitəsi 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib. Əvvəlcə tədbirdə dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi yad edildi. Daha sonra Nizami rayon komitəsinin sədri Sübut Əsədov qonaqları salamladı və iştirakçılara Respublika Komitəsinin sədri Araz Paşayevin təbrikini çatdırdı. 

Qeyd olundu ki, 1918-ci ildə Şərqdə ilk demokratik Respublikanın qurulması xalqımızın azadlıq və müstəqillik iradəsinin təntənəsi idi. Natiq qeyd etdi ki, cəmi 23 ay mövcud olsa da Xalq Cumhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoymuş, müasir Azərbaycanın əsasını təşkil etmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider dövlətə çevrilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Müstəqil dövlətçiliyimiz daha da güclənmiş, beynəlxalq aləmdə nüfuzumuz artmışdır. Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə "Konstitusiya və Suverenlik ili" çərçivəsində 28 May Müstəqillik Gününün əhəmiyyətindən danışaraq iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi, tədbirii ərsəyə gətirdiyi üçün Nizami rayon komitəsinə təşəkkürünü bildirdi.

Nizami rayon İcra Hakimiyyəti ictimai, siyasi və humanitar şöbəsinin müdiri Bəhmən Hüseynov, 32 nömrəli tam orta məktəbin tarix müəllimi İmmi Hüseynova Azərbaycan Xalq Cumhuriyyətinin təhsil tarixindən geniş bəhs ediblər. 

Sonda tədbirdə iştirak edən və təhsildə fərqlənən təhsil işçilərinə fəxri fərman, qiymətli hədiyyələr Nizami rayon Komitəsi tərəfindən təqdim olundu. Tədbir musiqi sədaları altında davam edib.







Sosial həyat