Qədim Səmərqəndin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı bu şəhərdə “İslam dünyasının mənəvi irsi və mədəni ifadə formaları: xəttatlıq, musiqi, poeziya və həmrəylik” mövzusunda beynəlxalq Forum keçirilib.
Tədbirdə Özbəkistanın Mədəniyyət naziri Azadbek Nazarbekov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, dünyanın 20-dən artıq ölkəsindən gələn mədəniyyət nazirləri, mədəniyyət üzrə beynəlxalq təşkilatların nümayəndələri, alimlər, jurnalistlər iştirak edib.
Forumu Azadbek Nazarbekov açaraq deyib ki, bu gün ölkəmizdə İslam elminin və mənəvi irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində bir sıra əsaslı təşəbbüslər həyata keçirilir. Daşkənd Beynəlxalq İslam Akademiyasında İSESCO-nun xüsusi şöbəsi yaradılıb. Həmçinin İmam əl-Buxari, İmam ət-Termizi, İmam Maturidi beynəlxalq elmi-tədqiqat mərkəzləri, İslam Sivilizasiyası Mərkəzi, İmam Buxari adına Daşkənd İslam İnstitutu kimi qurumların yaradılması təkcə Özbəkistan üçün deyil, bütün İslam dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Səmərqənddə hədis elminin sultanı İmam Buxarinin kompleksi tikilir. Bu il ölkəmizdə İmam Maturidinin mövludunun 1155-ci ildönümü geniş qeyd olunur.
Nazir Səmərqəndi “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan etdiyinə görə İSESKO-nun rəhbərliyinə və üzv dövlətlərə səmimi minnətdarlığını bildirib.
Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Səmərqənd şəhərinin dünya İslam elminə və mədəni irsinə verdiyi töhfələrdən danışıb.
O, Səmərqəndin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə adlandırıb, bu istiqamətdə görüləcək işlər haqqında söhbət açıb.
Murad Hüseynov öz çıxışında mədəni irsin qotunması sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib. O deyib ki, Səmərqənd İslam tarixində xüsusi yer tutan bir şəhərdir. Əsrlər boyu bu şəhər böyük alimlərin, memarların və digər sənətkarların Vətəni olub. Səmərqənd Böyük İpək Yolu üzərində olduğundan müxtəlif mədəniyyətlərin qovuşduğu mərkəzə çevrilib. Nazir müavini ötən il Azərbaycanın qədim Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” olduğunu diqqətə çatdırıb və bununla bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və digərləri çıxış ediblər.
Çıxışlarda qədim Səmərqənd şəhərinin İslam irsinin yayılması, təbliği sahəsindəki xidmətlərindən danışılıb.
Salim bin Məhəmməd əl-Malik Azadbek Nazarbekova Səmərqəndin “İslam dünyasının mədəniyyət paytaxtı” olması ilə bayraq təqdim edib.
Qulu Kəngərli
Səmərqənd