Tanınmış alim, pedaqoq, şair

post-img

Mahirə Hüseynova – 65

Tanınmış dilçi alim, ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illiyi münasibətilə AMEA-da yebiley mərasimi keçirilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi məclisdə professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Mahirə Hüseynovanın Azərbaycan dilçiliyinə verdiyi layiqli töhfələrdən söz açıb. AMEA rəhbəri bildirib ki, yubilyarın elmi yaradıcılığı dilçiliyin müxtəlif istiqamətlərini – dialektologiya, müasir ana dili, terminologiya, dövlət dil siyasəti və türkologiya məsələlərini əhatə edir. Sonra akademik İsa Həbibbəyli professor Mahirə Hüseynovaya AMEA-nın Fəxri fərmanını və Nəsimi adına Dilçilik İnstitutunun “Fəxri professoru” diplomunu təqdim edib.

Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Mahirə Hüseynovanın nitq mədəniyyəti, onomastika, üslubiyyat, dialektologiya və dil nəzəriyyəsi sahələrində apardığı səmərəli tədqiqatlarla ensiklopedik mənbə yaratdığını bildirib. O, professorun "Müasir Azərbaycan dilində punktuasiya məsələləri" kitabının durğu işarələri sistemini müasir dilçiliyin nailiyyətləri baxımından əhəmiyyətini vurğulayıb.

Fəlsəfə doktoru Etibar Əliyev və digər çıxış edənlər fədakar alim Mahirə Hüseynovanın dilçilik elminə gətirdiyi yeniliklərdən, şeir yaradıcılığından, ədəbiyyatşünaslığımızın məsələlərinin araşdırılmasında xidmətlərindən söz açıblar.

Professorlar Sayalı Sadıqova, Məsud Mahmudov, filologiya elmləri doktoru Gülbəniz Babayeva və fəlsəfə doktoru Kifayət İmanquliyeva yubilyarın elmi yaradıcılığının müxtəlif istiqamətləri barədə məruzələrlə çıxış ediblər.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli mərasimdən sonra XQ-yə bildirdi:

– Professor Mahirə Hüseynovanın 65 illik yubileyinin məhz Dilçilik İnstitutunda keçirilməsi onun elmi taleyi ilə sıx bağlıdır. Belə ki, Mahirə xanım həm fəlsəfə, həm də elmlər doktoru dissertasiyasını məhz bu institutda müdafiə etmişdir. Mahirə Hüseynova nəinki Azərbaycanda, həm də ölkəmizin coğrafi sərhədlərindən kənarda da kifayət qədər tanınan, Azərbaycan dilçiliyinin ən nüfuzlu simalarından biridir. Mahirə xanımın çoxşaxəli yaradıcılığında əsas xətt fundamental türkoloji istiqamətdir. Bu silsilədən olan 2020-ci ildə nəşr edilmiş 600 səhifəlik “Ümümtürk dilləri dialekt və şivələrinin qırışıqlı inteqrasiyası” adlı əsər türkologiyada ən aktual məsələlərdən biri olan dialekt və şivələrin təsnifatına ilk dəfə olaraq genişmiqyaslı elmi təhlil gətirmişdir.

Dilçilik İnstitutunun baş elmi işçisi, dosent Qətibə Vaqifqızı isə dedi:

– Elə alimlər var ki, onların həyat yolu hər kəs üçün örnəyə və məktəbə çevrilir. Professor Mahirə Hüseynova məhz belə dəyərli dilçilərdəndir. Azərbaycan elminə sanballı töhfələr verən alim Azərbaycan dilçilik elmini və ədəbiyyatını xarici ölkələrdə də layiqincə təmsil edir.

Arzu ƏLİYEVA
XQ

Mədəniyyət