Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov bir neçə ildir ki, feysbukda dostluğumdadır. Bunu ona görə qeyd edirəm ki, Rauf müəllim həmkarlarının çoxundan fərqli olaraq, rayonun aqrar sektorunda əldə olunun nailiyyətlər, bu uğurları halal, fədakar zəhmətləri sayəsində qazananlar barədə xəbərləri sosial şəbəkələrdə vaxtaşırı paylaşır. Özü də bu işi şövqlə, səriştə ilə görür.
Konkret bir neçə misal gətirmək istəyirəm. Rauf Minhacov bu günlərdə feysbukda rayonda fəaliyyət göstərən meyvə-tərəvəz şirələri üzrə ixtisaslaşmış istehsalat müəssisəsi haqqında söz açıb. Yazıb ki, sahibkar Akif Rüstəmovun rəhbərliyi ilə yaradılan bu müəssisədə səmərəli iş mühiti var. Kollektivin məqsədi yerli məhsullardan təbii və keyfiyyətli şirələr hazırlamaq və bazara çıxarmaqdır. Bura yüksək əmək intizamı ilə seçilir. Müəssisədə 22 nəfər daimi işlə təmin edilib.
R.Minhacov sonra bunları qeyd edib: “Təşəbbüskar insanların əməyi və dövlətimizin dəstəyi sayəsində yaradılan və uğurla fəaliyyət göstərən müəssisə həm iqtisadi, həm də sosial məsuliyyət baxımdan uğurlu bir model kimi qiymətləndirilə bilər”. Təqdirəlayiq haldır ki, sosial şəbəkə izləyiciləri bu paylaşıma biganə qalmayıblar. Məsələn, rayonun Həsənqala kəndindən olan bir fermer minnətdarlıq hissilə bildirib ki, ölkəmizin aqrar sektorunda, müsbət dəyişikliklər baş verir. Bütün bunlar Prezident İlham Əliyevin hərtərəfli dəstəyilə həyata keçirilir.
Bu günlərdə Qusar rayonunda Aqrar Biznes Festivalı və toxum satış yarmarkası keçirilib. Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub. Festival çərçivəsində Qusar rayonundan olan fermerlər, həmçinin toxum satışı ilə məşğul olan fermerlər öz məhsullarını təqdim ediblər. DAİM direktorunun bu barədə paylaşdığı məlumatda qeyd olunur ki, festival çərçivəsində fermerlər özlərinin təzə, orqanik meyvə-tərəvəz və süd məhsullarını nümayiş etdiriblər.
Bəlkə də burada bu kiçik yazıya nöqtə qoymaq olardı. Mənim üçün maraqlı olan həm də o oldu ki, DAİM direktoru festivalda iştirak edən Rövşən adlı sadə bir peşə sahibi – çörəkçi barədə ayrıca status paylaşıb: “Festivalda ləzgilərin bütün bölgələrdə tanınan və sevilən xərək çörəyi və şirniyyatlarını usta Rövşən təqdim edib. Festival iştirakçılarında ən çox maraq doğuran və diqqətçəkən stend məhz köhnə dostum Rövşənin idi”. R.Minhacov Rövşənlə çəkdirdiyi birgə fotosunu da paylaşmağı unutmayıb.
Yeri gəlmişkən, Rauf Minhacov Qusar rayonunun ecazkar təbii mənzərələrini mobil telefonun yaddaşına köçürməyi də sevir və bu fotoları da bəzən “fb”də həvəslə paylaşır. Bu günlərdə o, Qusar şəhər sakinlərinin sevimli istirahət məkanı olan N.Nərimanov parkının kövrək payız ovqatını əks etdirən bir şəkil yerləşdirib.
Fotonun müəllifinin payız haqqında düşüncələri də səmimi və düşündürücüdür: “Payızın insan ömrünə bir bənzəri var. İlin bu fəslində ağacların yarpaqları saralıb töküldüyü kimi, insanların da fikir və düşüncələri kövrək bir xatirəyə dönərək söz-söz, cümlə-cümlə, səssiz-səmirsiz ağ vərəqlər üzərinə səpələnir. Payız, əslində, kövrək, duyğusal bir hissdir...”.
Məsaim ABDULLAYEV
XQ


