Hazırda növbəti ilin məhsulu üçün şum aparılır
Boykəndil kəndi dağların ətəyində yerləşir. Sərin meh, payızın ilıq nəfəsi bu yerlərə sığal çəkir. Lerik Rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəis müavini Azər Həsənov bu kənddə yaşayır. Söhbət edə-edə onun ata-baba ocağına yaxınlaşırıq.
Evləri qonşu kəndlərə gedən yolun üstündədir. Uzaqdan təndir çörəyinin ətrini hiss edirik. Qonağı təzə bişirilmiş isti təndir çörəyi ilə qarşılayırıq, - deyə həmsöhbətim bildirir:
– Gördüyünüz təndir ata-babadan qalıb, yerini dəyişməyə ürək eləmirəm. Əvvəllər anam o təndirdə çörək bişirib, indi estafeti həyat yoldaşım Nuranə xanıma verib.
Ailənin başçısı Hacıbaba müəllim ömrünün 45 ilini müəllim peşəsinə həsr edib. Ömür-gün yoldaşı Gültəkin xanımla 5 uşaq tərbiyə edib ərsəyə çatdırıblar. Halal zəhmətlə tikdiyi evdə Gültəkin xanım və oğlu Azərin ailəsi ilə birgə yaşayırlar.
“Çörək müqəddəs və əvəzsiz nemətdir, həm də qonaqpərvərlik rəmzidir”, - deyə ağsaqqal söhbətə başlayır. Sonra isə sözünün davamını gətirir:
– Ata-babadan bizim ərazi bərəkətli, çörəkli olub. İkinci Dünya müharibəsinin ağır illərində Lerik qonşu rayonlara taxılla kömək edib. Minlərlə ailə aclıqdan xilas olub.
Süfrəyə yerli buğda unundan bişirilmiş isti təndir çörəyi gəlir. Dadı, ləzzəti, ətri zavodlarda, sexlərdə bişirilən çörəklərdən tam fərqlidir.
Azər müəllim deyir ki, ailə keçən il 2 hektarda “Əzəmət” sortlu buğda əkib, 8 ton məhsul götürüblər. Cari ilin məhsulu üçün əkin sahəsini 4 hektara çatdırıblar. Biçin vaxtı texnika cəhətdən korluq çəkməyiblər.
Boykəndil kəndində 20 ailə yaşayır. Bu il 15 ailə pay torpaqlarını əkərək 70 tona yaxın məhsul götürüb. Camal Qardaşov 1,8 hektar sahədən 8 ton, Teyyub Baxşıyev 1,3 hektardan 5 ton, Xanoğlan Məmmədov 1,5 hektardan 7 ton buğda toplayaraq, yüksək məhsuldarlığa nail olublar. Taxılçılar məhsulu rayonun Şingədulan kəndində sutkalıq istehsal gücü 12 ton olan müasir dəyirmanda üyüdürlər.
Mükafat Yaqubov Xüsusi Təyinatlı Qüvvələrin xidmət rəisi olmuş baş leytenant, “Azərbaycan bayrağı” ordenli, Vətən müharibəsi şəhidi Əliqismət Yaqublunun atasıdır. Lerik Dövlət Rəsm Qalereyasının direktorudur. Mükafat həm də ata-baba yurdu Kələxan kəndində əkinçiliklə məşğul olur.
Mükafat Yaqubov bizimlə söhbətə bu özlərlə başladı:
– Zuvand ərazisinin məhsuldar, bərəkətli torpaqları var. Bu yerlərdə dəmyə şəraitində çovdar yaxşı məhsul verir. Çovdar faydalı mikroelementlərlə zəngindir, unundan bişirilən çörək dadlı və keyfiyyətli olur.
Məlum oldu ki, Mükafat kişi keçən il 7 hektarda çovdar əkib. Bu il əkin sahəsini artıracağını deyir. Lerik respublikamızda taxılçılığın intensiv inkişaf etdirildiyi rayonlardandır. Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadənin sözlərinə görə, rayonun taxılçıları son 1 ildə əkinlərini 560,5 hektar, arpa əkinlərini isə 11,6 hektar artırıblar. Cari ildə 3 min 520 hektar buğda, 138 hektar arpa və 60 hektar çovdar sahəsindən, ümumilikdə, 9 min 629 ton məhsul yığılıb. Bunun 9 min 152 tonu buğdadır.
DAİM direktoru sonra sözünə davam edərək bildirdi:
– Dağlar diyarında əhalini taxıl məhsulları, öz çörəyimizlə tam təmin etməyi hədəf götürmüşük. Qarşıdakı ilin məhsulu üçün 4 min hektarda taxıl əkməyi nəzərdə tutmuşuq. Fermerlərə 40 faiz güzəştlə kənd təsərrüfatı texnikaları satılıb. Rayonun ərazisində 68 şum traktoru vardır, kömək məqsədilə qonşu rayonlardan da 10 traktor gətirilib. Artıq 1500 hektar sahədə payızlıq şumu aparılıb, 600 hektara toxumluq buğda səpilib.
Uzun illərdir mətbuatda çalışıram. Ən müxtəlif mövzularda reportaj, korrespondensiya, məqalələr yazmışam. Etiraf edirəm ki, taxılçılıq mövzusunda daha həvəslə yazıram. Axı, taxıl xalqın, dövlətin gücü, elin sərvəti, qüdrətidir. Qoy bol sünbüllü kəhrəba zəmilərimiz çox olsun, xeyir-bərəkət heç vaxt süfrələrimizdən əksilməsin.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


