Qızıl Orda – Şimal türklərinin qızıl dövrü

post-img

Qızıl Orda dövlətçiliyinin orta əsrlər imperiyası kimi formalaşmasının mühüm səciyyəvi cəhəti ondan ibarət idi ki, öz mədəni-tarixi ənənələrinə malik müxtəlif xalqları birləşdirərək nadir sivilizasiya yarada bilmişdi. Qızıl Ordanın rəsmi dininə çevrilən İslam orta əsr türk-tatar mədəniyyətinə öz gözəlliyini və üslub xüsusiyyətlərini də gətirmiş, Qızıl Orda dövründə türk-islam mədəniyyəti öz yüksəliş dövrünə çatmışdı.

Özbək xan İslamı dövlət dini kimi qəbul etdikdən sonra Qızıl Orda qlobal İslam mədəniyyətinə inteqrasiya edir, Türküstandan, xüsusilə Buxara və Xarəzmdən gələn alimlər Qızıl Ordada yaşayan xalqlara İslamın təbliği, elm və mədəniyyətin inkişafı sahəsində təsir göstərməyə başlayır. Məhz bunun nəticəsi idi ki, o dövrdə Qızıl Orda dövlətində məscidlər, mədrəsələr, məktəblər, xanəgahlar, monastırlar və nadir məqbərələr inşa edilirdi.

1230-1240-cı illərdə Bulqar şəhərində inşa olunan məscid Qızıl Orda şəhərlərində tikilən məbədlərin ən məşhuru idi. 1314-cü ildə Özbək xanın əmri ilə tikilən məscid və 1288-ci ildə Misir Məmlük Sultanının vəsaiti ilə onun adına inşa edilən “Baybars məscidi” gözəl memarlıq abidəsi kimi tarixə düşüb.

Mədrəsələrdə fəqihlər, ruhani məsləhətçilər və ilahiyyatçılar yetişdirilirdi. Mədrəsə, xanəgah və zəviyyələrin tikintisi çox vaxt hökmdarlar, yüksəkvəzifəli şəxslər və zadəganlar tərəfindən maliyyələşdirilirdi.

Xanəgahlar sufi ayinlərini yerinə yetirmək üçün istifadə edilir, zəviyyələr həm də dərvişlərin və Həcc ziyarətinə gedən zəvvarların sığınacaq yeri idi. Burada zəvvarlar və səyahətçilərə pulsuz yemək də verilirdi.

Mədrəsələrdə həm də dünyəvi elmlər tədris edilirdi, burada kitabxanalar vardı və alimlər bu məkanda biliklərini təkmilləşdirirdilər. Özbək xanın dövründə Qızıl Orda güclü inkişaf yolu tutur. Xan sarayına təkcə ilahiyyatçılar və hüquqşünaslar deyil, riyaziyyat və astronomiya sahələrində çalışan alimlər də dəvət olunurdular.

Qızıl Orda dövrünün lap əvvəlində Mahmud Krımlı “Yusif və Züleyxa” poemasını, Özbək xanın dövründə Əbuəl-Müzəffər Qiyasəddin Tukluk Teymur bəy riyaziyyatla bağlı kitab yazmışdı.

Rəbquzinin 1310-cu ildə yerli monqol bəyi Nəsrəddin Tokbuğ üçün tərtib etdiyi “Kyisəs əl-ənbiya” (“Peyğəmbərlər tarixi”) əsəri, həmçinin Məhəmməd Xarəzminin 1353-cü ildə Məhəmməd Xocabəyə həsr etdiyi “Mühəbbətnamə” kitabı, Qütb Xarəzminin böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq 1341-1342-ci illərdə yazdığı "Xosrov və Şirin" poeması, Həştərxan şairi Şərif Hacı Tərxaninin 1550-ci ildə qələmə aldığı “Zəfərnamə-i Vilayət-i Qazan” (“Qazan dövlətinin qələbəsi haqqında esse”) kitabı o dövrün məşhur əsərləri sırasındadır.

Qızıl Orda necə yarandı?

Qızıl Orda Çingiz Xanın nəvəsi Cucinin oğlu Batı xan tərəfindən yaradılan türk-monqol dövlətidir. Yarandığı gündən, yəni 1207-ci ildən 1269-cu ilədək Monqol imperiyasının tərkibində olub.

Batı xan 1236-1255-ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcə də Krım və Qıpçaq çöllərini işğal edərək Qızıl Orda dövlətinin əsasını qoyub. Rus mənbələrində bu dövlət Qızıl Orda, Şərq qaynaqlarında Cuci ulusu, Dəsti-Qıpçaq və ya "Göy Orda" adı ilə tanınıb. Mənbələrdə göstərilir ki, Batı xan qızıl saplardan hazırlanan çadırlardan istifadə etdiyindən dövlətin adı Qızıl Orda adlanıb. Batı xandan sonra dövlətin güclü hökmdarlarından biri olan Özbək xan da qızıl çadırlarda oturub.

Qızıl Orda dövləti yüksəliş dövründə qərbdə Dunay çayından Fin körfəzinə, şərqdə İrtış hövzəsindən Ob çayının aşağı axınına, cənubda Qara dəniz, Xəzər dənizi, Aral dənizi və Balxaş gölünə, şimalda Novqorod torpaqlarınadək əraziləri əhatə edib.

Qızıl Orda dövlətinin paytaxtı əvvəl indiki Həştərxanın yaxınlığında, Volqa (İtil) çayının sahilində, mənzərəli bir məkanda salınan Saray Batu, XIV əsrin ortalarından etibarən isə indiki Volqoqrad şəhəri yaxınlığında salınan Saray Bərkə şəhəri olub. Dövlətin dilləri monqol dili, qədim qıpçaq dili, qədim tatar dili, uyğur dili, rəsmi dili cığatay türkcəsi, dini Şamanizm, Tanrıçılıq, Buddizm (1243-1313), İslam, Hənəfi məzhəbi (1313-1502), ərazisi təxminən 6.000.000 km² olub.

Qızıl Ordanın dövlət quruluşu

Dövlətin başında Xan dayanıb, dövləti Xan evi, yəni Xan, oğlanları və digər ailə üzvləri idarə edib. Xanın yanında ali məşvərətçi orqan olan Qurultay fəaliyyət göstərib. Xan evindən başqa dövlətin idarə olunmasında varlı adamlar və bəylər (noyonlar) da iştirak ediblər. Qızıl Orda xanlarının rəsmi fərmanları türk dilində yazılıb.

Hərbi işləri bəylərbəyi idarə edib, qoşunun əsas hissəsini türk tayfalarındən ibarət hissələr təşkil edib. Digər işlərlə isə vəzirlər məşğul olub, vergi yığan şəxslər baskak adı daşıyıb.

Bulqar dövlətindən və rus knyazlıqlarından Türküstana və Monqolustana gedən yol İtil çayının cənub hissəsindən keçdiyindən, digər tərəfdən bu ərazilərdə əkinçilik, maldarlıq və qoyunçuluq üçün münbit şərait olduğundan saray Batu şəhərinin əhəmiyyəti daha cəlbedici idi.

Rus knyazlıqları coğrafi cəhətdən Qızıl Ordaya daxil olmasalar da, bu dövlətin vassalı idilər və ona bac (töycü) ödəyirdilər. Bu da məlumdur ki, Rus knyazlıqları XII əsrdən XV əsrədək Monqol-tatarların, XV əsrdən XVII əsrədək təxminən 250 il Krım xanlarının vassalı olublar. Ümumiyyətlə, rus knyazlıqları 500 ildən artıq monqol-tatarlara, Qızıl Ordaya və Krım xanlarına bac ödəyiblər. Aleksandr Nevskinin Krım xanlarının, İvan Qroznının Qızıl Orda dövlətinin qarşısında baş əyməsi, bac ödəməsi tarixi faktlardır.

Rus tarixçi, tarix elmləri namizədi Vadim Rudakov Rusiya telekanallarından birində yayımlanan proqramda deyib ki, XI-XVI əsrlər rus aristokratiyası türk dilində danışıb. Bu, onların yüksək təbəqəyə aid olduqlarının göstəricisi sayılıb. O dövrdə bu dili tatar dili adlandırsalar da, əslində türk dili idi.

O bildirib ki, hətta hər kəsə çox yaxşı tanış olan Monomax papağı da araxçının bir neçə dəfə şəklini dəyişməsi ilə yaranıb. Alim türk dilinin qədimliyi barədə qeyd edib ki, Qızıl Orda və ondan əvvəlki dövrlərdə rus aristokratiyası türk dilinin qıpçaq ləhcəsində danışıb.

O deyib: “Monqol imperiyasının dili də türk dili olub. Öz dövründə bu dövlət ən qüdrətli və zəngin dövlət kimi tanınıb. Bu dili Rusiyada qıpçaq dili kimi tanıyırlar”.

Bərkə xan və nəvələrinin hakimiyyəti

Batı xan vəfat etdikdən sonra hakimiyyətə qardaşı Bərkə xan keçir və dövləti 1257-ci ildən 1266-cı ilədək tam doqquz il idarə edir. Bu vaxt Monqol dövlətində daxili çəkişmələr güclənmişdi və Bərkə xan bundan istifadə edərək dövlətin müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində addımlar atır, Qafqaz uğrunda gedən döyüşlərdə digər monqol dövləti olan Hülakülərlə toqquşur. Bərkə xan 1265-ci ildə qardaşı oğlu Noqayın komandanlığı altında 20 minlik ordunu Bizans üzərinə göndərir və döyüşlərdə bizanslılar məğlub olub Bulqar torpaqlarından çıxırlar.

Bərkə xandan sonra hakimiyyətə növbə ilə Batı xanın nəvələri Məngi Teymur, Tuta Məngü və Teleboğa gəlib. Bununla belə, hakimiyyəti dövlətdə və ordu içərisində böyük nüfuzu olan Noqay xan idarə edib. 1291-ci ildə hakimiyyətə Toxta xan çıxıb və doqquz il çəkən mübarizədən sonra 1300-cü ildə Noqay xana qalib gəlib və onun öldürülməsini əmr edib. Bundan sonra Aşağı İdil, Yayik (Ural) və Əmbə çayları ətrafında yaşayan tayfalar Noqay xana tabe olub və noqaylar adlanıb.

Özbək xan - Qızıl Ordanın qızıl dövrü

1313-cü ildə hakimiyyətə gələn Özbək xan 1342-ci ilədək tam 30 ilə yaxın taxtda oturur, buna qədər olan daxili çəkişmə və qarşıdurmalara son qoyur. Özbək xan hakimiyyətə gəldikdən sonra İslam dinini qəbul edir, İslam dini dövlətin əsas dini elan olunur, bu da dövlətin türkləşməsini daha da inkişaf etdirir. Özbək xanın dövründə bir sıra torpaqlar, o cümlədən Azərbaycan işğal olunur, rus knyazlarından alınan vergi sistemində dəyişiklik edilir. Özbək xanın və oğlu Canı xanın dövründə (1342-1357) dövlət hərbi sahədə güclü inkişaf etsə də, Canı xan öldürüldükdən sonra yenidən daxili çəkişmələr başlayır. Bunun nəticəsi idi ki, 1357-ci ildən 1380-ci ilədək Qızıl Orda dövlətində 25-dən çox xan dəyişib.

XIV əsrin 60-cı illərində Xarəzm müstəqil xanlığa çevrilir, Həştərxan Qızıl Ordadan ayırılır, Polşa və Litva Qızıl Ordanın Dneprboyu torpaqlarını işğal edir. Bundan istifadə edən rus knyazları Dmitri Donskoyun başçılığı ilə öz qüvvələrini birləşdirir və 1380-ci ildə Kulikovo döyüşündə Qızıl Orda xanı Mamayı məğlub edir. Bundan sonra 1380-ci ildə Toxtamış xan hakimiyyətə gəlir, 1395-ci ilədək mərkəzi hakimiyyəti gücləndirir. 1382-ci ildə Toxtamış Moskvanı tutaraq yandırır, sonra isə Əmir Teymura qarşı mübarizəyə başlayır. Türk dünyasının bu iki məşhur sərkərdəsi arasında baş verən qanlı müharibə 1395-ci ildə Terek döyüşündə Toxtamışın ağır məğlubiyyəti ilə başa çatır.

Moskva 9 əsrdə 4 dəfə yandırılıb

Moskvaya 1571-ci ildə Krım xanı Devlet I Gəray od vurub. Bu yanğın tarixə ən böyük yanğın kimi düşüb. Belə ki, əsən külək yanğını ətrafa yayıb. Sonra Toxtamış bu şəhərdə tonqal qalayıb. Bir dəfə isə Polşa–Litva qoşunları Moskvanın cızdağını çıxarıb. Moskvanı sonuncu dəfə imperator Napoleon Bonapart (1804-1814) yandırıb.

1480-ci ildə Qızıl Orda xanı Əhməd xan Moskva knyazlığı üzərinə sonuncu dəfə uğursuz yürüş edir. Əhməd xanın «Uqra görüşü»ndə uğursuzluğu Rusiyanın Qızıl Ordadan vassal asılılığına son qoyur. Soyuqların düşməsi və əlverişli məqamın əldən getməsi Əhməd xanın geri qayıtmsına səbəb olur və Əhməd xan noqaylar tərəfindən öldürülür.

Bundan sonra Qızıl Orda dövləti bir daha özünə gələ bilmir, dövlətdə çoxsaylı xalq və millətlərin yaşaması hakimiyyət uğrunda münaqişələrə gətirib çıxarır. Onu demək kifayətdir ki, 1361-ci ildə hakimiyyət uğrunda münaqişədə 6 xan dəyişib. 1362-ci ildə isə Qızıl Orda iki yerə bölünüb. Əmir Teymurun ordusuna məğlubiyyət, həmçinin rus knyazlarının yürüşləri Qızıl Ordanın dayaqlarını xeyli zəiflədib.

Qızıl Ordada ticarət

Qızıl Orda dövləti Böyük İpək Yolu üzərində yerləşdiyindən buraya Qafqazdan, Misirdən, Hindistandan, Qərbi Avropa ölkələrindən tacirlər gəlirdilər. XIII əsr və XIV əsrin birinci yarsında bu dövlətdə karvan yolları və ticarət güclü inkişaf etmişdi. Belə ki, Qızıl Orda hakimləri vergi aldıqlarına görə ticarətin inkişafına dəstək verirdilər.

Məşhur florensiyalı maliyyəçi, Bardi ticarət evinin agenti Françesko Balduçi Peqolotti 1338-1342-ci illərdə yazdığı məşhur “La Pratica della Mercatura” kitabında bununla bağlı deyib: "Tandan Çinə gedən yol tacirlərin sözlərinə inansaq, səhər və gecə tam təhlükəsiz olub, işdir tacir yolda ölərsə onun malı və var-dövləti öldüyü torpağın məmuruna qalır. Amma əgər həmin yerdə ölənin yaxın dostu və ya qardaşı olarsa və ya kimsə ölənin qardaşı olduğunu təsdiq edərsə, bütün mallar ona verilir".

İlk dəfə 1765-1766-cı illərdə nəşr olunan bu kitab XIV əsr Qərbi Avropa və Qara dəniz ölkələrinin iqtisadiyyatı üçün mühüm mənbə olub. Peqolottinin məlumatlarından Qızıl Orda ilə bağlı ümumi əsərlərdə də istifadə edilib və kitab Qızıl Orda dövlətinin pul və çəki sistemi ilə bağlı qiymətli mənbədir.

O dövrdə Qızıl Orda tacirləri əsasən mal-qara və at ticarəti ilə məşğul idilər. Ərəb səyyahı İbn-Batut at ticarəti ilə bağlı bu sözləri yazıb: "Bu diyarda–Dəşt-i-Qıpcaqda atlar həddindən artıq çoxdur. Əla atların qiyməti 50,60 dirhəmdir, yəni bizim 1 dinar".

Monqol imperiyası dövrü

Cuci, Çingiz xanın böyük oğlu, 1207-1227

Batı, Cuci xanın ikinci oğlu, 1227-1255

Sartak, Batı xanın oğlu, 1255-1256

Ulaqçı, Sartakın oğlu, 1256-1257

Berke, Cucinin oğlu, 1257-1266

Məngu Teymur, Batı nəslindən, 1266-1269

1269-cu ildən Qızıl Orda hökmdarı Məngu Teymur ilə monqol xanı arasında bir çox məsələlərdə fikir ayrılığı və ən əsası müstəqil olmaq arzusu Qızıl Ordanı suveren dövlətə çevirib və bütün məsələlərdə müstəqil siyasət həyata keçirilib.

Müstəqil Qızıl Ordanın hökmdarları

Məngu Teymur xan, Batı nəslindən, 1269-1282

Tuda Məngu xan, Batı nəslindən, 1282-1287

Tele Boğa xan, 1287-1291

Toxta xan, Batı nəslindən, 1291-1312

Özbək xan, Batı nəslindən, 1312-1341

Tanibəy xan, Batı nəslindən, 1341-1342

Canibəy xan, Batı nəslindən, 1242-1257

Berdibəy xan, Batı nəslindən, 1257-1259

Kulpa xan, avqust 1359-yanvar 1360

Novruz xan, yanvar 1360-iyun 1360

Xızır xan, Orda Ejen nəslindən, iyun 1360-avqust 1361

Teymur Xoca xan, Orda Ejen nəslindən, avqust 1361-sentyabr 1361

Ordu Məlik xan, Tuka Teymur nəslindən, sentyabr1361-oktyabr 1361

Gəldibəy xan, oktyabr 1361-sentyabr 1362

Murad xan, Orda Ejen nəslindən, sentyabr 1362-payız 1364

Mir Polad xan, Şiban nəslindən, payız 1364-sentyabr 1365

Əziz Şeyx xan, sentyabr 1365-1367

Abdulla xan, Batı nəslindən, 1367-1368, 1369-1370

Həsən xan, 1368-1369

Məhəmməd Bulaq xan, 1370-1372, 1375-ci ilin əvvəli-iyun 1375, iyul 1375-dekabr 1375

Urus xan, 1372-1374, iyun 1375-iyul-1375

Çərkəz xan, 1374-1375

Kaqan bəy (Aybek xan), 1375-1377

Ərəbşah xan (Karı xan), 1377-1380

Toxtamış xan1380-1395

Teymur Qutluq xan, 1395-1399

Şadıbəy xan, 1399-1407

Polad xan, 1407-1411

Teymur xan, 1411-1412

Cəlaləddin xan, 1412-1413

Kərimberdi xan, 1413-1414

Kəpək xan, 1414-1414

Çokrə xan, 1414-1416

Cabbar Berdi xan, 1416-1417

Dərviş xan, 1417-1419

Kadır Berdi xan, 1419-1419

Hacı Məhəmməd xan, 1419-1419

Ulu Məhəmməd xan, 1419-1423, 1426-1427, 1428-1428, 1428-1432

Barak xan, 1423-1426, 1427-1428

Kiçi Məhəmməd xan, 1428-1428, 1432-1459.

Qızıl Orda dövlətinin bəylərbəyləri

Noqay, Cucinin nəticəsi, 1256-1267, 12801300

İksar (İlbasar) 1300-1309

Teymur Qutluq, 1310-1321

Mamay, 1357-1359, 1363-1364, 1367-1369, 1370-1372, 1377-1380

Edigey bəy, 1395-1419

Mansur bəy, 1419

Novruz bəy

1419-cu ildə Qızıl Orda dövləti faktiki olaraq süqut edib, həmin il dörd hökmdar Qızıl Orda dövlətinin taxtında oturub - Dərviş xan (1417-1419), Kadır Berdi xan (1419-1419), Hacı Məhəmməd xan (1419-1419) və Ulu Məhəmməd xan (1419-1423, 1426-1427, 1428-1428, 1428-1432). Bununla belə, Barak xan (1423-1426, 1427-1428) və Kiçi Məhəmməd xan 1428-1428, 1432-1459-ci illərdə Qızıl Orda dövlətini saxlamağa cəhd ediblər.

Qızıl Orda 10 xanlığa parçalanır

XV əsrin 20-ci illərindən başlayaraq Qızıl Orda parçalanır, dövlətin ərazisində Böyük Orda xanlığı, Krım xanlığı və ya Krım Yurdu, Qazax xanlığı, Özbək xanlığı yaranır. Orta Volqaboyu Qızıl Ordadan ayrılır və Qazan xanlığı təşkil edilir. Volqa çayının aşağı tərəflərində Həştərxan xanlığı meydana gəlir. Volqanın aşağı axarlarından İrtış çayına qədər ərazidə Noqay Ordası, Qərbi Sibir ərazilərində Sibir xanlığı, Moskva yaxınlığında Qasım xanlığı yaranır (Bu xanlıqlar haqqında gələn nömrələrimizdə ayrıca materiallar veriləcək).

Son olaraq onu da deyək ki, Qızıl Ordada İslam hüququ geniş inkişaf etmişdi, belə ki, təkcə macar torpağında yetmiş fəqih yaşayıb. Bu dövlətin coğrafiyaşünasları da var idi ki, onların ən məşhuru Numan bin Dövlətşah olub.

1354-cü ildə Gülüstanda Kamaləddin ət-Türkmanın yazdığı astronomik traktat Ömər əl-Çaqminin əsərinin şərhi haqqında idi.

Qızıl Ordanın yerli əhalisi içərisindən Mahmud əl-Bulqari, Rəbquzi, Seyf Sarai, Hisam Kyatib kimi çoxlu mütəfəkkir, alim, yazıçı və şair yetişmişdi.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd









Sosial həyat