Noyabrın 8-də Türkiyə Prezident Simfonik Orkestrinin (CSO) tarixi Ankara salonunda “Yeddi Gözəl”in səsi ilə Zəfər Dastanı” (Zafer destanı Yedi Güzel`in sesiyle) adlı konsert keçiriləcək.
Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadə AZƏRTAC -a bildirib ki, “Yeddi Gözəl” qrupunun konsert proqramı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi Zəfərinin ildönümünə həsr olunub.
“44 günlük Vətən müharibəsində Zəfərin beşinci ildönümündə biz Azərbaycanın sevincini Türkiyə paytaxtının sakinləri və qonaqları ilə qürurla bölüşəcəyik”, - deyə T. Manafzadə bildirib.
Konsert proqramının aparıcısı, Azərbaycanın Əməkdar artisti İslam Manafov Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyətindən danışacaq.
Qeyd edək ki, Turan Manafzadənin rəhbərlik etdiyi qrupun tərkibinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Macarıstandan peşəkar qadın musiqiçilər daxildir.
Qrupun adı dahi Nizami Gəncəvinin məşhur əsəri olan “Yeddi Gözəl”dən götürülüb, onun missiyası isə dünyada türk mədəniyyətinin inkişafına töhfə verməkdir.
“Yeddi Gözəl”in çıxışları Türkiyə, Kanada, İsveçrə, Fransa, Macarıstan, Vatikan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla dünyanın bir çox ölkəsində davamlı uğur qazanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxburi
Ankara

