Qapalı dövrədə “çapalayan” diplomatiya

post-img

Livanın İsraillə dialoqdan imtinası ölkəni siyasi labirintdə saxlayır

Yaxın Şərqdə cərəyan edən son hadisələr göstərir ki, region formal atəşkəs mərhələsinə daxil olsa da, əslində, dərin və çoxqatlı böhran davam edir. Livan rəhbərliyinin İsraillə birbaşa təmasdan imtinası, ABŞ-ın hərbi resurslarının tükənməsi və Avropaya silah tədarükündə yaranan fasilələr münaqişənin regional çərçivəni aşdığını göstərir. Xarici medianın müxtəlif mənbələrdən topladığı məlumatlar təsdiqləyir ki, tərəflər arasında etimadsızlıq səviyyəsi kritik həddə qalmaqdadır. Başqa sözlə desək, bölgədə yaranmış nisbi sakitlik anlaşmazlıqların, diplomatik “çapalamanın” və strateji qarşıdurmanın üzərini örtən müvəqqəti pərdədən başqa bir şey deyil.

“LBCI”: “Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmayacaq”. Aun ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığında bu məsələyə toxunub. Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderləri arasında telefon danışığı olacağını bəyan etmişdi.

“Reuters”: Amerika tərəfi bir sıra Avropa ölkələrinə İrandakı hərbi əməliyyatla bağlı silah tədarükünün ləngiyəcəyi barədə məlumat verib. “Məlumata görə, təchizatdakı fasilələr Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla, Avropa İttifaqının bir neçə dövlətinə təsir edəcək. Rəsmi yazışmalarda Ağ Ev administrasiyasının nümayəndələri göstəriblər ki, İranla silahlı münaqişə ABŞ-ın ehtiyatlarını tükətməkdə davam edir. Bu səbəbdən tədarüklə bağlı əvvəllər əldə olunmuş razılaşmaların tam həcmdə yerinə yetirilməsi müvəqqəti olaraq qeyri-mümkündür”. Vaşinqtonda Yaxın Şərq qarşıdurması fonunda hərbi sənaye kompleksinin artan tələbatı ödəyə bilməyəcəyindən narahatlıq ifadə edirlər.

“News Now”: Livan Silahlı Qüvvələrinin mexanikləşdirilmiş hissələri 10 günlük atəşkəs rejiminin qüvvəyə minməsinin qeyd edildiyi intensiv silahlı atəşfəşanlıqlardan sonra gecə saatlarında paytaxt küçələrində patrul xidmətinə başlayıb. Bu barədə ordunun mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki bəyanatında qeyd olunub. “Bir sıra məhəllələrdə məsuliyyətsiz vətəndaşlar avtomat silahlardan və qumbaraatanlardan intensiv atəş açaraq çox sayda insanın həyatını təhlükəyə atıb və dövlət və özəl əmlaka ziyan vurublar”.

“Times of Israel”: Livan ordusu atəşkəs rejiminin pozulduğunu bildirib və respublikanın cənub bölgələrinin sakinlərini evlərinə qayıtmamağa çağırıb. Müvafiq bəyanatın yer aldığı paylaşım ordunun mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib: “Ordu komandanlığı atəşkəs razılaşmasının bir sıra pozuntuları fonunda vətəndaşları cənubdakı kəndlərə və yaşayış məntəqələrinə tələsik qayıtmaqdan çəkinməyə çağırır”.

“JoongAng Daily”: Cənubi Koreyanın xam neft daşıyan gəmisi ilk dəfə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz vasitəsilə alternativ marşrutdan istifadə edib. Bu hadisə Hörmüz boğazının, faktiki olaraq, blokadaya alınması fonunda dolama marşrutdan istifadənin ilk təsdiqi oldu. Nazirlik bunu Seulun İran ətrafında davam edən gərginlik şəraitində Yaxın Şərqdən sabit enerji tədarükünün təmin edilməsi üçün gördüyü tədbirlərin effektivliyinin sübutu adlandırıb.

“Le Monde”: Fransa Prezidenti Emmanuel Makron İsrail ilə Livan arasında atəşkəsi alqışlayıb və ABŞ-ın bu prosesdəki rolunu qeyd edib. “Hizbullah” və İsrail arasında atəşkəsə tam dəstəyimi bildirirəm. Həmçinin hərbi əməliyyatların davam etməsi nəticəsində onun pozula biləcəyindən narahatlığımı ifadə edirəm. Livan–İsrail sərhədinin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını tələb edirəm. “Hizbullah” silahı yerə qoymalı, İsrail isə Livanın suverenliyinə hörmət etməli və müharibəni dayandırmalıdır”.

“Al Jazeera”: Tərəflər arasında sonrakı danışıqlar prosesində nəzərəçarpacaq irəliləyiş olacağı təqdirdə, İsrail və Livan atəşkəs rejimini uzadıla bilər. Bu, tam mətni ABŞ Dövlət Departamentinin saytında dərc edilən iki ölkə arasında 10 günlük atəşkəs barədə razılaşmada öz əksini tapıb. Qeyd edək ki, bu qərar danışıqların başlaması üçün şəraitin yaradılmasına və regionda gərginliyin azaldılmasına yönəlib.

“Anadolu Agency”: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib. Bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa V Antalya Diplomatiya Forumunda bildirib. Onun sözlərinə görə, Suriyada əvvəllər eyni vaxtda Böyük Britaniya, ABŞ, Fransa və Rusiyaya məxsus bir neçə hərbi baza fəaliyyət göstərib: “Artıq Suriyanın şimal-şərq bölgəsi bütün xarici hərbi bazalardan tamamilə azaddır”.

“CNN Türk”: İran ABŞ və İsraillə münaqişədə müvəqqəti atəşkəsə qarşı çıxır, çünki müvəqqəti razılaşmalar böhranı yalnız uzadır. Bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə bildirib: “Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik, çünki əvvəlcə diplomatiya, sonra müharibəyə qayıdışa son qoyulmalıdır”.

“The New York Times”: İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, atəşkəs qüvvəyə minməzdən əvvəl “Hizbullah”a qarşı müharibədə qoyulan şərtlər yerinə yetirilməyib. Onun sözlərinə görə, Livanın cənubunda bir ərazi demilitarizasiya edilməyib. Nazir əlavə edib: “Bu məsələ ya diplomatik yollarla, ya da atəşkəs başa çatdıqdan sonra İsrailin hərbi əməliyyatlarının yenidən bərpası ilə həll olunmalıdır”.

Hazırladı:
N.BEYDİYEVA
XQ



Siyasət