Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.
XQ xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və “Qürurla irəli” şüarı altında baş tutub. Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 kilometr məsafəni əhatə edib.
Xeyriyyə tədbirində 1700-dən çox iştirakçı qeydiyyatdan keçib. Qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.
"Qələbə qaçışı"nda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
İki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.
Qeydiyyat zamanı toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.
Fotolar Rauf İbrahimov
XQ

