Şəhid övladlarının iştirakı ilə “Bir zaman, min yaddaş” tamaşası nümayiş olunub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı və Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə “Bir zaman, min yaddaş” adlı tamaşa nümayiş etdirilib.

XQ xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim edilən tamaşanın təqdimatı tədbirində hökumət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, şəhid ailələrinin üzvləri və b. iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb.

O, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işləri qeyd edərək, həmçinin şəhid övladlarının yaradıcılıq bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsinin, yaradıcı potensialının dəstəklənməsinin diqqətdə saxlandığını vurğulayıb. Nazir müavini hazırda  təqdim edilən tamaşanın da bu istiqamətdə növbəti tədbir olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov şəhid qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsi ilə bağlı Nazirliyin həyata keçirdiyi tədbirlərin, habelə şəhid övladlarının bacarıqlarının inkişafına dəstək işlərinin əhəmiyyətini vurğulayıb.

Rəsmi hissədən sonra təqdim edilən tamaşada müasir dövr uşaqlarının keçmişdə yaşayan mütəfəkkir və dahi insanlarla görüşündən bəhs olunur. Onlar müəllimlərinin hazırladığı zaman maşınının köməyi ilə keçmişə səyahət edir, Azərbaycanın dahi şəxsiyyətləri ilə söhbət edir. Şəhid övladları ilə yanaşı, teatrın peşəkar aktyorlarının da yer aldığı tamaşada insanın öz keçmişinə, tarixi yaddaşına bağlılığı, vətənə sevgisi tərənnüm olunur.

“Qəhrəman övladları səhnədə” layihəsi çərçivəsində nümayiş olunan “Bir zaman, min yaddaş” tamaşasının ideya müəllifi Lalə Zahir, ssenari müəllifi Samirə Əşrəf, quruluşçu rejissoru Səbinə Məmmədzadədir.         

Layihə Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş tədbirlərin davamı olaraq, Dövlət Sosial Müdafiə Fondu və "McDonald's Azərbaycan" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Məqsəd şəhid övladlarının istedad və bacarıqlarını aşkara çıxarmaq, onların milli-mənəvi dəyərlərə bağlılığının nümayiş etdirməkdir.





















Sosial həyat