ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib 02.11.2025 [09:52]

post-img

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.

Bu barədə Universitetdən XQ-yə məlumat verilib.

Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur.

Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.

Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb.

ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.

Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.

Əsas və daimi tərəfdaş kimi “Veysəloğlu” Şirkətlər Qrupu, o cümlədən “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.

Elm