Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illik yubileyi münasibətilə “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
XQ xəbər verir ki, sərgilərdə alimin elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd, müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linkindən istifadə edə bilərlər.
Elçin Yusif oğlu Əhmədov 1961-ci il aprelin 15-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil alıb, 1989-cu ildə Moskvada Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda ixtisasartırma kursu keçib, 1994-1998-ci illərdə aspiranturada təhsilini davam etdirib. 2000-ci ildə “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (tarixi inkişafı, müasir vəziyyəti və perspektivləri, 1901-1995)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, “Müstəqillik illərində uşaqlara və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb, eyni adlı monoqrafiyasını çap etdirib.
Əmək fəaliyyətinə 1979-cu ildə başlayan Elçin Əhmədov əvvəlcə Basarkeçər rayonunun Dərə kənd kitabxanasında müdir, 1988-1993-cü illərdə isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist və metodik şöbənin müdiri vəzifələrində çalışıb.
1994-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərir və hazırda universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent vəzifəsində fəaliyyətini davam etdirir.
Elçin Əhmədovun elmi fəaliyyəti kitabxanaşünaslığın ümumi metodologiyası, kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə yönəlib. Onun əsas araşdırma istiqamətləri Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidmətinin təşkili, kitabxanaşünaslığın elmi-fəlsəfi və pedaqoji əsaslarının öyrənilməsidir. Alim kitabxana xidmətinin tarixi inkişafını müasir tələblərlə əlaqələndirərək, bu sahədə modern yanaşmaların formalaşmasına töhfə verib.
Elçin Əhmədov “Kitabxanaşünaslığa və informasiya elmlərinə giriş”, “Dünya milli kitabxanaları”, “Azərbaycanda kitabxana işinin hüquqi təminatı” və digər fənləri tədris edir. O, eyni zamanda gənc tədqiqatçıların elmi rəhbəri olaraq doktorant, dissertant və magistrantların yetişməsində mühüm rol oynayır. Alimin elmi irsinə “Azərbaycanda kitabxana-informasiya işinin hüquqi bazası: Dərslik” (2012), “Uşaq və gənclərin kitabxana-informasiya təminatı: Monoqrafiya” (2016), “Dünya milli kitabxanaları:: Magistrantlar üçün dərs vəsaiti” (2008), “Multikulturalizm kitabxana-informasiya fəaliyyətində: Monoqrafiya” (2019) və s. əsərlər və 100-dən çox elmi məqalə daxildir. Onun elmi əsərləri əsasən “Kitabxanaşünaslıq və İnformasiya” jurnalı, müxtəlif ölkələrin yüksək indeksli elmi jurnallarında və digər ixtisas nəşrlərində dərc olunub.
Kitabxanaşünas alim Elçin Əhmədov elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif olunub.

