Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) martda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb. Bildirilib ki, ötən ay ölkəmizdə orta gündəlik xam neft hasilatı 457 min barel təşkil edib. Fevralda isə bu göstərici 458 min barel səviyyəsində olub.
Qurumun məlumatına əsasən, cari ilin birinci rübündə qeyd olunan göstərici 457 min barel təşkil edib, bu da 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 9 min barel azdır. Ümumilikdə, ötən il Azərbaycanda orta gündəlik xam neft hasilatı 461 min barel təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Xatırladaq ki, Azərbaycan “OPEC plyus” razılaşmasının iştirakçısıdır. Sözügedən təsisat Neft İxrac Edən Ölkələr Təşkilatı və quruma daxil olmayan ölkələri bazarı tarazlamaq məqsədilə neft istehsalının azaltması üzrə təşəbbüsdür.
“OPEC plyus” ölkələri nazirlərinin əldə etdiyi razılığa əsasən, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, ölkəmiz cari ilin mart ayında və ilin birinci rübündə “OPEC plyus” təşkilatı çərçivəsində kvotadan 94 min barel geri qalıb.
XQ

