İyunun 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil olunub.
Medianın İnkişafı Agentliyində keçirilən təlimi Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh aparıblar.
Otuz illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi “İtalpress”in ABŞ-dakı müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.
Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini iştirakçılarla bölüşüb.
Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilisdilli media nümayəndəsi iştirak edib.
XQ