“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri Naxçıvan şəhərinin Baş planının hazırlanmasıdır. Bu mühüm layihənin icrası Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinə həvalə olunub.
Şirkətin direktoru Marselina Zieliniska yeni Baş planla bağlı bir sıra vacib məqamları açıqlayıb.
O bildirib ki, şəhərin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır. Şəhərdə əhalinin sayının arta biləcəyini nəzərə alaraq, burada daimi yaşayan sakinlərlə yanaşı, gələcəkdə məskunlaşacaq insanlar üçün də yeni yaşayış komplekslərinin salınmasına ehtiyac yaranacaq. Bu səbəbdən, əhalinin daha komfortlu yaşayışı və istirahəti üçün zəruri infrastrukturun qurulması nəzərdə tutulur.
“Biz düşünürük ki, Naxçıvan, bəlkə də, öz hazırkı əhalisinin iki qatına qədər insanı qəbul edə biləcək potensiala malikdir. Reallığa əsaslanaraq yanaşsaq, şəhərin böyüməsi və genişlənməsi zəruridir. Bu səbəbdən də əsas məqsədimiz ilk növbədə şəhərin infrastruktur imkanlarını və ümumi potensialını genişləndirməkdir. Paralel olaraq, şəhərin əhatə dairəsinin və inzibati sərhədlərinin də genişləndirilməsi gündəmdədir,” – deyə Marselina Zieliniska vurğulayıb.