Sentyabrın 30-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan-Türkiyə əlaqələrinin Ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib. O, iki qardaş ölkə arasında sarsılmaz münasibətlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, tarixin ən önəmli anlarında dövlətimizə dayaq olmuş qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması xalqımız tərəfindən daim yüksək qiymətləndirilir.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun yüksək qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.
XQ