Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd olunub

post-img

Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Çıxış zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin ictimai-siyasi həyatında son dövrdə baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd olunub ki, dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarına tarixi səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidentinin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti və qələbəsidir. Bundan başqa vurğulanıb ki, Prezident İlham Əliyevin cari il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında tarixi çıxışı, eləcə də ölkə başçısının regional və qlobal əhəmiyyətli təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun, suverenlik və ərazi bütövlüyünün tam bərqərar edilməsinin bariz göstəricisidir.

Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu konstitusiyanın dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və səlahiyyətləri müəyyən edilib.

Baş prokuror Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil, mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb, prokurorluq orqanlarının da dünya miqyasında nüfuzlu tərəfdaşlıqlarını daha da möhkəmləndirəcəyini diqqətə çatdırıb.

Kamran Əliyev prokurorluq orqanlarında son illərdə həyata keçirilmiş struktur dəyişiklikləri, şəffaf kadr siyasəti, maddi-texniki bazanın gücləndirilməsi, “Elektron Prokurorluq” İnformasiya Sisteminin tam şəkildə bütün prokurorluq orqanlarında tətbiqi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, prokurorluq işçilərinin 93 faizdən çoxu məhz müsabiqə yolu ilə seçilmiş gənc, peşəkar kadrlardan ibarətdir.

Daha sonra xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması, prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbə və kursantları arasında təşkil olunmuş interaktiv istintaq kvestinin, “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda keçirilmiş hüquq viktorinasının, eləcə də prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Prokurorluğun veteranları Ələmdar Məmmədov və Mircavan Kazımov prokurorluq orqanlarının şərəfli inkişaf yolundan bəhs edərək, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatların prokurorluq orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıblar.

Sonda iştirakçılar Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

XQ





Son xəbərlər