Strateji əməkdaşlıq güclənir

post-img

İsrailin İnformasiya Müharibələrinin Tədqiqatı İnstitutunun (ISIWIS) saytında İsrail–ABŞ–Azərbaycan münasibətlərindən bəhs edən məqalə dərc olunub.

Məqalədə 3 ölkə arasında formalaşan strateji əməkdaşlığın regional və qlobal kontekstdə artan əhəmiyyəti təhlil olunub. Hazırkı mürəkkəb regional şərait fonunda İsrailin Azərbaycan və ABŞ ilə strateji əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdiyi və bu proseslərin qısamüddətli deyil, uzunmüddətli iqtisadi və texnoloji dayanıqlıq yaradan institusional əsaslara söykəndiyi qeyd edilib.

ISIWIS yazır ki, ABŞ-ın Cənubi Qafqaza marağı xüsusilə Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri və fevralın 10-da Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə daha aydın şəkildə ortaya çıxıb. Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti tərəfindən imzalanan sənəd iqtisadiyyat və ticarət, enerji, bağlantılar və tranzit, süni intellekt və rəqəmsal inkişaf, eləcə də təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Məqalədə vurğulanır ki, Xartiya çərçivəsində üç ay ərzində müvafiq işçi qruplarının yaradılması, konkret layihələr və yol xəritələrinin müəyyənləşdirilməsi, eləcə də müntəzəm illik məsləhətləşmə mexanizmlərinin işə salınması planlaşdırılır. Bu isə tərəfdaşlığın epizodik razılaşmalar deyil, sistemli və institusional xarakter daşıdığını göstərir.

Məqalə müəlliflərinin fikrincə, bu model sabitləşdirici rol oynayır, çünki uzunmüddətli iqtisadi və texnoloji əlaqələr yaradır və onları bir böhranla dağıtmaq çətindir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və texnologiya qovşağı kimi statusunun artması təbii olaraq müxtəlif maraqların toqquşmasına səbəb ola bilər.

ISIWIS yazır ki, bu proseslər bəzi aktorlar üçün narahatlıq yaratsa da, Azərbaycan, ilk növbədə, öz milli maraqlarından çıxış edir. Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin mərkəzində ölkənin inkişafı və vətəndaşların rifahı dayanır.

 

Son xəbərlər