Münxen dünyanı sabitlik və sülhə çağırır

post-img

Şaxtalı qışın qaynar diplomatiyası

Almaniyanın Bavariya əyaləti yenidən qlobal diplomatiyanın əsas mərkəzinə çevrilib. 13–15 fevral tarixlərində keçirilən Münxen Təhlükəsizlik Konfransı bəşəriyyəti narahat edən qlobal təhdidlərə cavab axtarışının mərkəzidir. Min nəfərdən artıq iştirakçının, yüz iyirmidən çox ölkənin nümayəndəsinin qatıldığı iclas, şübhəsiz, İkinci Dünya müharibəsindən sonrakı dövrün kritik sammitlərindən sayılır. Şərqi Avropadan Orta Şərqə qədər uzanan coğrafiyada münaqişələrin alovlandığı məqamda Münxendəki “Hotel Bayerischer Hof” otelinin dəhlizlərində eşidilən əsas tezis sabitlik və dayanıqlı sülhdür.

Belə mürəkkəb vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı rəsmi Bakının beynəlxalq münasibətlər sistemində tutduğu müstəsna mövqeyi nümayiş etdirir. Dövlətimizin başçısının strateji gedişləri ölkəni Cənubi Qafqazın şəriksiz liderinə və qlobal enerji təhlükəsizliyinin əvəzolunmaz qarantına çevirib.

ARAYIŞ: Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildə yaradılmış və hər il Almaniyanın Münxen şəhərində keçirilən nüfuzlu beynəlxalq təhlükəsizlik forumudur. Konfrans rəsmi üzvlük prinsipi əsasında fəaliyyət göstərən təşkilat deyil. Onun daimi üzv dövlətləri və ya səsvermə mexanizmi yoxdur. Forum hər il dəvət əsasında təşkil olunur və müxtəlif ölkələrdən 900-1000-ə yaxın yüksək səviyyəli nümayəndə iştirak edir. Bununla yanaşı, NATO, BMT, Avropa İttifaqı kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxsləri də forumda təmsil olunur. Konfransın gündəliyi qlobal və regional təhlükəsizlik məsələlərini əhatə edir. Burada beynəlxalq münaqişələr, böyük güclər arasında münasibətlər, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizə, iqlim təhlükəsizliyi və qlobal geosiyasi dəyişikliklər müzakirə olunur.

ABŞ Dövlət katibi Marko Rubionun nümayəndə heyətinə rəhbərlik etməsi və onun verdiyi açıqlamalar Vaşinqtonun xarici siyasətində baş verən paradiqma dəyişikliklərindən xəbər verir. Hava limanında jurnalistlərin suallarını cavablandıran Dövlət katibi Rubio olduqca praqmatik və sərt reallıqları əks etdirən fikirlər səsləndirib: “İndi ilin ən soyuq vaxtıdır və insanlar müharibəyə görə əziyyət çəkir. Buna görə də, il ərzində, hətta daha uzun müddət davam edən müharibəyə son qoymaq üçün çox çalışırıq”. Amerika diplomatiyasının rəhbərinin səsləndirdiyi ifadələr Ukrayna cəbhəsindəki humanitar fəlakətin miqyasını və Vaşinqtonun münaqişəni dondurmaq və ya həll etmək niyyətini ortaya qoyur. Ukrayna Prezidenti Volodimir Zelenskinin konfransa qatılması və Marko Rubio ilə planlaşdırılan görüşü Şərqi Avropada sülhün əldə olunması istiqamətində həlledici mərhələnin başlanğıcıdır.

Bütün qlobal liderlərin toplaşdığı məkanda Azərbaycan xüsusi rola malikdir. Prezident İlham Əliyevin Münxen platformasındakı fəaliyyəti rəsmi Bakının “orta güc” diplomatiyasından qlobal ölkə statusuna keçidini təsdiqləyir. Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, bilavasitə Azərbaycanın iradəsi və qətiyyəti hesabına formalaşıb. Otuz illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan hazırda regionda dayanıqlı sülhün yeganə və real təminatçısıdır. İlham Əliyevin yürütdüyü siyasət, regionu xarici müdaxilələrdən qorumaqla yanaşı, Cənubi Qafqazı Şərq ilə Qərb arasında etibarlı körpüyə çevirib. Münxen Konfransı çərçivəsində keçirilən görüşlərdə Azərbaycan liderinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən ilki, şübhəsiz ki, enerji təhlükəsizliyidir. Avropa İttifaqı ilə strateji tərəfdaşlıq, “qoca qitə”nin enerji xəritəsini yenidən cızıb. Rəsmi Bakı tərəfindən reallaşdırılan Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi planları Avropanın enerji şaxələndirilməsində həlledici amilə çevrilib.

Ukrayna müharibəsi və Avropa təhlükəsizliyi məsələsində qeyd etmək lazımdır ki, münaqişənin həlli yolları axtarışında hərbi və diplomatik vasitələrin sintezi vacibdir. Marko Rubionun Zelenski ilə görüşündə müzakirə ediləcək sülh planları, ehtimal ki, ərazi güzəştlərindən daha çox təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üzərində qurulacaq. Lakin istənilən halda, "sülh" anlayışı artıq əvvəlki mənasını itirib və sərt praqmatizmə söykənir. Qərbin Rusiya ilə birbaşa toqquşmadan yayınmaq üçün Kiyevə dəstəyin formasını dəyişəcəyi gözlənilir. Burada Türkiyənin vasitəçilik səyləri və Qara dəniz taxıl dəhlizi təcrübəsi yenidən aktuallaşa bilər. Azərbaycan da öz növbəsində Ukraynaya humanitar yardım və enerji infrastrukturunun bərpası sahəsində dəstəyini davam etdirir. Eyni zamanda, Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərini qoruyaraq regionda lazımsız gərginliyin yaranmasına imkan vermir.

Avropa İttifaqının enerji böhranı ilə üzləşdiyi dövrdə Azərbaycanın "mavi yanacağı" qitə sənayesi üçün əsas əhəmiyyət daşıyır. Ursula fon der Lyayenin Bakıya səfəri zamanı imzalanan sənədlər və verilən bəyanatlar Avropanın Azərbaycana böyük ümidlər bəslədiyini nümayiş etdirmişdi. Cari ildə həmin ümidlərin doğrulduğunu görürük. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması istiqamətində görülən işlər İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan kimi ölkələrin enerji təhlükəsizliyini təmin edir. Serbiya və digər Balkan ölkələrinin də şəbəkəyə qoşulması Azərbaycan qazının coğrafiyasını genişləndirir.

Münxen Təhlükəsizlik Konfransı regionumuz üçün nikbin ssenarilər vəd edir. İlk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər. Qərb tərəfdaşları, xüsusilə ABŞ və Avropa İttifaqı Münxen görüşündən sonra İrəvana təzyiqləri artıraraq konstruktiv mövqe tutmağa məcbur edəcəklər. Çünki Cənubi Qafqazda sabitlik, Orta Dəhlizin və enerji layihələrinin təhlükəsizliyi üçün zəruridir. Marko Rubionun praqmatik yanaşması ABŞ-ın regiondakı fəaliyyətini ideoloji şüarlardan uzaqlaşıb real iqtisadi və təhlükəsizlik maraqlarına yönəldəcək. Bu yanaşma isə Azərbaycanın maraqlarına tam uyğundur.

Konfransın yekunları, şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində yeni səhifə açacaq. Ukrayna cəbhəsindəki hadisələrin inkişafı, Qərbin Rusiya ilə münasibətlərinin gələcəyi və Orta Şərqdəki sülh perspektivləri Münxendə əldə olunan razılaşmalardan asılı olacaq. Azərbaycan üçün isə əsas nəticə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artması və milli maraqların qlobal səviyyədə təsbit olunmasıdır.

ABŞ-ın yeni xarici siyasət kursu əvvəlki administrasiyadan fərqli olaraq, Cənubi Qafqaza daha realist prizmadan yanaşır. Dövlət katibi Rubionun sərgilədiyi mövqe, Vaşinqtonun artıq separatizmə və qeyri-konstruktiv qüvvələrə dəstək verməyəcəyini, əksinə, suveren dövlətlərlə praqmatik əməkdaşlığa üstünlük verəcəyini işarə edir. Sözügedən amil Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin Vaşinqton üçün prioritet olduğunu göstərir. Ermənistanın havadarlarına arxalanaraq sülh prosesini ləngitmək cəhdləri artıq Qərb paytaxtlarında səbr kasasını daşırır.

Əminik ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zəfəri kimi tarixə düşəcək. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz qlobal proseslərin axarını öz maraqlarına uyğun şəkildə yönləndirməyi bacarır. Münxen toplantısı gələcəyin konturlarının cızıldığı strateji qərargahdır. Həmin qərargahda Azərbaycanın yeri ön sıralardadır. İndi dünya Bakının sözünü eşidir, onun mövqeyi ilə hesablaşır. Və şübhəsiz ki, Münxendən sonra Cənubi Qafqazda sülh erası daha da möhkəmlənəcək, Azərbaycanın qlobal nüfuzu isə artacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa və dövlətimizi daha parlaq gələcəyə aparmağa davam edəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət