Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 14-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) zərərçəkmiş Xəyal Canbaxışovun atası Xeyrulla Canbaxışov bildirib ki, övladı Ağdərədə həlak olub. Elşad Şeydayev isə Kəlbəcərdə düşmənin təxribatı nəticəsində qolundan və ayağından xəsarət aldığını deyib.
Kamiz İbayev Kəlbəcərdə dumana düşərək əsir götürüldüyünü, ona müxtəlif işgəncələr verildiyini, pis rəftara məruz qaldığını və döyüldüyünü deyib. Qismətpaşa Abbaszadə Ağdamda, Rövşən Hacıbalayev və Taleh Rzayev Ağdərədə, Zaur Ələkbərov və Telman Adıgözəlov Xocavənddə yaralandıqlarını bildirib. Elvin Məmmədov deyib ki, Ağdamda ağır xəsarətlər alıb, 23 gün komada qalıb, ikinci qrup əlildir.
Teymur Cəfərov Laçında yaralandığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Sərxan Rəhimov, Aqil Quliyev, Xəqani Quliyev, Dəyanət Mərdanlı, Məhərrəm Kərimli isə Ağdamda yaralanıblar. Anar Seyidov, Türkan Cəfərov və Pərviz Adıgözəlov müxtəlif istiqamətlərdə xəsarətlər aldıqlarını söyləyiblər.
Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin olunub.
XQ