Türkiyənin milli bayramı Bakıda təntənə ilə qeyd edildi

post-img

Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə oktyabrın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu səfir Birol Akgün tərəfindən oxunub.

Birol Akgün bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir. Onun sözlərinə görə, Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir. "Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək", – deyə səfir vurğulayıb.

Səfir bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımızı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək”.

Milli Məclisin Sədri Sahibə Qafarova isə bildirib ki, müasir dövrün görkəmli siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib.

Sahibə Qafarova qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. O bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

XQ





Son xəbərlər