Zəngilan Konqres Mərkəzində Baş Prokurorluğun təşəbbüsü ilə “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib.
Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının bu möhtəşəm Qələbəni Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursuna, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinə, eləcə də xalq–ordu birliyinə borclu olduğunu vurğulayıb. Baş prokuror bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyi tam təmin edilib. Kamran Əliyev həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini qeyd edib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin dövlətimizin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Hərbi prokuror, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.
Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təminində əldə olunan uğurları, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastruktur və xidmət şəraitini iştirakçılara təqdim edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb. Zəngilan rayon prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib.
Sonda Zəngilan şəhərində ağacəkmə aksiyası keçirilib.
XQ

