Saməddin Əsədov çıxışında Azərbaycanın növbəti dəfə qlobal əhəmiyyətli bir tədbirə – Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) ev sahibliyi etməsini ölkənin beynəlxalq nüfuzunun artması və rəqəmsal transformasiya proseslərinin sürətlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirib.
O, konfransın ilk dəfə MDB regionunda keçirilməsinin tarixi əhəmiyyət daşıdığını, tədbirə 160-dan çox ölkədən 2500-ə yaxın nümayəndə, o cümlədən 60 ölkədən yüksək səviyyəli rəsmilərin qatıldığını vurğulayıb. Çıxışında gənclərin – 500-dən artıq iştirakçının – prosesə cəlbinin qlobal texnoloji trendlərlə tanışlıq və yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
Əsədov dünyada 2,6 milyard insanın hələ də internetə çıxışının olmamasını əsas qlobal problem kimi səciyyələndirərək, WTDC-25-in məqsədinin rəqəmsal bərabərsizliyi azaltmaq və keyfiyyətli əlaqə imkanlarını genişləndirmək olduğunu bildirib. Azərbaycan ərazisinin 100% genişzolaqlı internetlə təmin olunması ölkənin bu sahədə nümunəvi təcrübəyə malik olduğunu göstərən vacib məqam kimi təqdim olunub.
O, konfransda 2026–2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsinin qəbul ediləcəyini, yeni regional təşəbbüslər və telekommunikasiya prioritetlərinin müəyyən ediləcəyini, xüsusilə ən az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrin rəqəmsal inkişafına dəstəyin müzakirə olunacağını bildirib.
Saməddin Əsədov WTDC-25-in həm bilik, həm də təcrübə mübadiləsi üçün unikal platforma olduğunu, Azərbaycanın texnoloji liderlik mövqeyini gücləndirmək üçün böyük fürsət yaratdığını vurğulayaraq, tədbirin qlobal rəqəmsal inklüzivliyə mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Foto Cavid Qaçayev
XQ

