Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) prosedur müzakirələrindən sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş Cəmil Əliyev bildirib ki, Ağdərə rayonunun Çərəkdar kəndində özü, eləcə də Bəhram Allahyarov və Murad Verdiyev müxtəlif xəsarətlər alıblar, Şikar Hüseynov isə həlak olub. İntiqam Rüstəmli qeyd edib ki, Xocavənd rayonu ərazisində özü və daha bir nəfər xəsarət alıb. Etibar Əliyev bildirib ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı zamanı Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyev həlak olub, özü və daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Allahverdi Məmmədli və Nahid Əsədov bildiriblər ki, Xocavənd rayonu ərazisində yaralanıblar. Elşən Rüstəmov qeyd edib ki, Cəbrayıl rayonu ərazisində müxtəlif xəsarətlər alıb. Şahmar Cəlilov bildirib ki, Ağdərə rayonu istiqamətində özü xəsarət alıb, bir nəfər isə həlak olub. Ümüd Şükürov qeyd edib ki, Kəlbəcərdə özü və başqa bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.
Novruz Əliyev bildirib ki, Kəlbəcər rayonunun Yellicə kəndində, Eynulla Nəsirli isə qeyd edib ki, Xocalı rayonu istiqamətində xəsarət alıblar. Yusif Yusifov isə bildirib ki, Ağdam rayonunun ərazisində İxtiyar Bayramov həlak olub, özü isə xəsarət alıb.
Ardınca məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.
XQ



