Daşkənddə Çanaqqala Zəfərinin 111 və İstiqlal Marşının qəbulunun 105 illiyi ilə bağlı tədbir keçirilib

post-img

Özbəkistandakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi (TMM) Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə 18 mart 1915-ci il Çanaqqala Zəfərinin 111 və 12 mart 1921-ci il İstiqlal Marşının qəbulunun 105 illiyi ilə bağlı tədbir keçirib.

Mərasimdə Özbəkistanın elm və mədəniyyət xadimləri, TMM və AMM-nin əməkdaşları, tələbələr iştirak ediblər.

Tələbələr İstiqlal Marşı ilə bağlı şeirlər səsləndirib, Məhməd Akif Ərsoyun “Çanaqqala” şerini təqdim ediblər.

 AMM-nin direktoru Akif Marifli 18 mart 1915-ci il Çanaqqala Zəfərinin 111 və 12 mart 1921-ci il İstiqlal Marşının qəbulunun 105 illiyi ilə bağlı fikirlərini səsləndirib, deyib ki, bu Zəfərin qazanılmasında Anadolu türkləri ilə yanaşı Azərbaycan türkləri də yaxından iştirak edib. O bildirib ki, Çanaqqala Zəfərində iştirak edən əsgər və zabitlərin hər birinin xatirəsi Türk xalqlarının qəlbində ehtiramla yad edilir.

Sonra TMM-nin koordinatoru, doktor Ahmet Özkan və İstanbul Mədəniyyət Universitetinin təmsilçisi, prof.doktor Alim Yılmaz 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşü haqqında, Çanaqqala Zəfərinin 111 və İstiqlal Marşının qəbulunun 105 illiyi ilə bağlı ətraflı məlumat veriblər. Deyilib ki, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib. Sonra onlar iştirakçıların suallarını cavablandırıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd









Mədəniyyət