Milli ekranın tarixi günləri

post-img

Azərbaycan kinosu hər kəsin maraq dairəsində olan bir sahədir. Burada baş verən yaradıcılıq proseslərini kinosevərlər həvəslə izləyirlər. Bəs milli kinomuzun nəbzi bu gün necə vurur, hansı yeniliklər var?

Qeyd edək ki, aprel ayının fərəhli yeniliklərini bu ərəfədə Prezident İlham Əliyevin 29 mart 2025-ci il tarixli sərəncamı ilə Xalq artisti Şəfiqə Məmmədovanın “İstiqlal” ordeni ilə təltif edilməsi müjdələdi. 80 yaşın zirvəsinə çatan Şəfiqə xanım teatrda oynadığı obrazlarla tanınmaqla bərabər, kinoda da öz dəst-xəttini sevdirə bilib. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox bədii filmlərdə – “Qaraca Qız” (Pəricahan xanım), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) və s. ekran əsərlərində təkrarsız obrazlar yaradıb. “Bizim Cəbiş müəllim”də ifa etdiyi ana rolu isə 55 ildir ki, könüllərdə taxt-tac qurub.

Aprelin ilk günlərində kinosevərlər yeni bir filmin uğurlu təqdimatına seviniblər. Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Çar” bədii filmi geniş təqdim edilib. Bu ekran işi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunan “Tağıyev” layihə-tetralogiyasının (tetralogiya – süjet və müəllif fikri ilə birləşmiş dörd hissədən ibarət əsər – red.) 2-ci hissəsidir. Bu bölümdə rus çarının Bakıya səfəri ərəfəsində baş verən hadisələr fonunda Tağıyevin həyat və fəaliyyəti izləyicilərə təqdim edilir.

Filmin baş prodüseri Arzu Əliyevanın rəhbərliyi ilə prodüser Orman Əliyev və rejissor Zaur Qasımlının ərsəyə gətirdikləri tarixi layihənin ssenarisi İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıya aiddir. Təqdimatda bu əsər Bakı Media Mərkəzinin milli dəyərlərimizin təbliği və Azərbaycan tarixinin əbədiləşdirilməsi istiqamətində atdığı növbəti vacib addım kimi dəyərləndirildi. “Tağıyev” layihə-tetralogiyası kinomuzda müsbət hadisə, əhəmiyyətli təcrübədir. Xatırladaq ki, layihənin ilki olan “Tağıyev: Neft” ötən il dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib. Artıq bütün kinoteatrlarda göstərilən “Tağıyev: Çar”ın da lazımi qiymətini alacağına inanırıq.

Ötən günlər həm də Çarli Çaplinin (1889–1977) növbəti ad günü, Səməndər Rzayevin 80 illik yubileyi və Eldar Quliyevin anım günü ilə yadda qaldı. Telekanallar, informasiya portalları və saytlar qəribə yerişi olan şlyapalı və çəlikli, qeyri-adi hərəkətləri ilə milyonları güldürən Çarli Çaplini, onun “Dolanışıq üçün pul qazanma”, “Venisdə uşaq avtomobil yarışları”, “Uşaq”, “Müasir zaman” adlı filmlərini xatırlatdılar.

Ç.Çaplindən 13 il sonra dünyaya göz açan, ondan 1 il sonra isə vəfat edən İsmayıl Osmanlının (1902–1978) adı gələndə öncə “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı göz önündə canlanır. “Kəndlilər” filmində (daxili işlər naziri), “Bir məhəlləli iki oğlan”da (Mahmud), “O olmasın, bu olsun”da (Rza bəy), “Əsl dost”da (Usta Şirəli), “Yenilməz batalyon”da (dərzi Yusif), “Mən ki gözəl deyildim”də (Poçt müdiri Şərif), “26-lar”da (Şahbazov), “Ulduzlar sönmür”də (Hacı Zeynalabdin Tağıyev), “Nəsimi”də (Nəimi) rollarını da İsmayıl Osmanlı böyük ustalıqla oynayıb.

Azərbaycan Dövlət Film Fondunda isə görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin anadan olmasının 80 illiyi münasibətilə xatirə gecəsi qədirbilənliklə keçirildi. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev, Xalq artistləri Şəfiqə Məmmədova, Rafiq Əzimov, Tariyel Qasımov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli tanınmış aktyorla bağlı xatirələrini bölüşdülər. Tədbir boyu sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx və aktyorun çəkildiyi, dublyaj etdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.

Vəfatından 4 il ötən tanınmış kinorejissor və ssenarist, Xalq artisti Eldar Quliyev də ehtiramla xatırlanır. O, 20-yə yaxın bədii və çoxsaylı sənədli filmlər çəkib. “Babək” filmi peşəkarlıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli ekran əsərlərindən geri qalmır. Həmin illərdə “Babək”i 52 ölkə satın alıb. Eldar Quliyev bunlarla yanaşı, “Ən vacib müsahibə”, “Var olun, qızlar”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib, ssenari müəllifi olub. Filmlərinin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub.

Bu günlərdə Bişkekdə keçirilən sayca 12-ci Beynəlxalq “Umid” kinoforumundan da xoş xəbər gəldi. Orada ölkəmiz iki ekran əsəri – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” ilə təmsil olunub. “Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatına – Qran-Priyə layiq görülüb. Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan”ın quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının qarşısı almağa nail olub. Layihənin müsabiqə proqramına onların təqdim etdiyi “David bağı” adlı sənədli filmin xalqlar arasında nifaqın kəskinləşməsinə səbəb ola biləcəyi ilə bağlı beynəlxalq tədbirin təşkilat komitəsinə müraciət olunub. Bildirilib ki, filmdə Azərbaycan ərazilərinə aid toponimlər məqsədli şəkildə təhrif edilərək erməni yer adları kimi təqdim olunur. Müraciətdən sonra saxtakarlıq dolu film proqramdan çıxarılıb. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi saytında və bir sıra media orqanlarında dərc edilib.

Yeri gəlmişkən, AKİ-nin təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az may ayında keçiriləcək 78-ci Kann Beynəlxalq Film Festivalında akkreditasiyadan keçib. Saytı müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov təmsil edərək, festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir. Bu, Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, erməni təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq.

Onu da deyək ki, “Ultra Production” və “Cinex Production” şirkətlərinin birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” tammetrajlı bədii filminin dünya premyerası bu ayın sonunda Almaniyanın Visbaden şəhərində nüfuzlu “goEast” kino festivalının proqramına daxil edilib. Daha öncə bu film TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülmüşdü.

Nəhayət, qeyd edək ki, AKİ aprelin 16-dan bölgələrdə kino günləri layihəsinə yenidən start verib. Budəfəki bölgələr Zərdab, Ucar, Göyçay, Yevlax, Ağdaş rayonlarıdır. Aranda kino günlərində tamaşaçılara çağdaş Azərbaycan kinosunun nümunələri – rejissorlar Aydın Arslanın “Aktyor”, Ruslan Ağazadənin “Balaca”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba”, Mirsadıq Ağazadənin “Eviniz abad” qısa və tammetrajlı bədii filmləri, o cümlədən, Vahid Talıbovun “Lağım” və “Arzular... arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü” qısametrajlı animasiya filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” sənədli filmləri təqdim olunacaq. Ənənə üzrə, nümayişlərdə filmlərin yaradıcı heyətinin tamaşaçılarla müzakirələr aparacağı layihə aprelin sonunadək davam edəcək.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət