Əl sənətkarlığı sadə bir iş deyil – o, keçmişin yaddaşı, xalqın ruhu, babalardan miras qalan hikmətdir. Dulusçu, zərgər, toxucu – bu sənətlərin hər birində əllərin sükutla danışan dili var. İstər naxışlı bir sandıq olsun, istər gümüş bir kəmər, istərsə də sadə bir saxsı – onu düzəldən sənətkarın ruhunu özündə daşıyır. Zaman keçsə də, bu əşyalar yaşamaqda davam edir. “Xalq qəzeti”nin müsahibi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin şöbə müdiri, rəngkar Cəfər Əliquliyevdir.
– Cəfər müəllim, standart sualla başlamaq istəyirəm. Əl əməyi məhsullarının Azərbaycan mədəniyyətinin, tarixinin, etnoqrafiyasının təbliğinə nə kimi təsirləri var?
– Əl əməyinin tarixi daş dövründən tunc dövrünə keçid ərəfələrindən başlayır. Oturaq həyat tərzi keçirən əhalinin bu sahədə xidmətləri böyük olub. Qədim əl əməyi məhsulundan onun hansı dövrə aid olmasını həm istifadə edilən materiallarla, həm də cizgi və naxışları ilə müəyyən etmək olur. Hazırlanmış qabların üzərində insanlar öz həyat tərzlərindən də nişanələr qoyurlar. Bütün bunlar mədəniyyətimizin, tariximizin və etnoqrafiyamızın qorunub saxlanılması, təbliğidir.
– Bəs müasir dövrdə əl əməyi ilə məşğul olan ustalar hansı yenilikləri ilə diqqət çəkirlər?
– Müasir dövrdə yeni, dəyişən elə ciddi bir şey yoxdur. Keçmişin izindəyik və qədim ustaların etdiklərini təkrarlayırıq. Sadəcə onlara bir qədər müasirlik qatırıq.
– Ənənəvi əl sənətkarlığının hansı sahələri var və ən qədim olanı hansıdır?
– Keramika ən qədim olanıdır. Ölkəmizin bu sarıdan da bəxti gətirib, dünyada gilin 128 növü varsa, onun 98-i Azərbaycandadır. Məsələn, Xızı dağlarında müxtəlif rəngdə mis, nikel, xrom, aliminium var. Əşyanın üzərindəki bütün rəsm əsərləri bu materiallar əsasında yaradılır. Bu zənginlik yaradanın Azərbaycana bəxş etdiyi təbii nemətlərdəndir.
– Əməkdaşı olduğunuz mərkəz həm də qırılmış, əzilmiş, cırılmış əl əməyi məhsullarının bərpası ilə məşğuldur. İstərdim bu barədə də oxuculara məlumat verəsiniz.
– Mərkəz 1957-ci ildən fəaliyyətə başlayıb və banisi mərhum Fərhad Hacıyev olub. Azərbaycanın bütün bölgələrindən, müxtəlif muzeylərdən göndərilən sənət əşyalarını bərpa edirik. Bunlar keramik qablar, xalçalar, metal, taxta və tikmə işləridir.
– Bəs əşyalar erroziyaya məruz qalıb qədimliyini itirmir? Əşyanın hazırlandığı materialla müasir dövrün materialı bir-birini necə tamamlayır?
– Mərkəzdə fəaliyyət göstərən elmi şöbə bərpa üçün göndərilmiş əşyanı qiymətləndirir. Kimyaçı, bioloq və sahə üzrə digər şəxslər fəsadları müəyyən edir və sonra bərpaçıya təqdim edilir. Mərkəzin Şurası, ümumilikdə, əşya üzərində hansı işlərin görüləcəyini tam müəyyən edir, ona uyğun materiallarla bərpa işləri aparılır.
– Tarixən ölkəmizin müxtəlif ərazilərində ənənəvi əl sənətkarlığı emalatxanaları fəaliyyət göstərib. Şagirdlər bu emalatxanalarda yetişirdi. Ustalar məşhur məktəblər irs qoyurdular. Dövr dəyişdi, bir çox ənənələr ali təhsil ocaqlarına daşındı. Bəs hazırda usta-şagird münasibətləri hansı səviyyədədir?
– Bəli, ənənələr qismən unudulub. Şəkidə məşhur piti qablarını, əsasən, tanınmış 1 nəsil hazırlayır. Onlar bu bacarığı ailədən-ailəyə ötürürlər, başqalarının isə buna marağı yoxdur. Nəticədə qədim sənətlər yaddan və məişətdən çıxıb gedir.
Düzdür, gəlir azdır, maddiyyat isə əsasdır. Amma insanlar var ki, həyatını bütünlüklə bu sənətə həsr edib. Nəsə düzəltməsələr, yaratmasalar, sanki, yaşaya bilməzlər. Əlbəttə, təkbaşına yüksək gəlir əldə etmək çətindir. Təşkilat formasında, hansısa birlik olarsa, yaxşı qazancdan danışmaq olar. Məsələn, Gürcüstanda əl əməyi ilə məşğul olanlar üçün şəbəkə yaradılıb, şərait yaxşıdır. Sənətkar əsər yaratmalıdır, satışı ilə məşğul olmamalıdır. Bizdə satış-sərgilər də az olur.
– Cəfər müəllim, əl sənətkarlığı sahəsində tanınmış sənətkarlarımızdan kimlərin adını çəkmək olar?
– Keramika sahəsində bu sahənin bilicisi Mir Teymur Məmmədovdur. Nailə Sultan, Saleh Məmmədov da bu sahənin əsl ustalarındandır. 10 il əvvələ qədər ölkəmizdə keramikaya maraq yox idi, lakin hazırda var. Xüsusilə də xanımlar arasında daha da maraq artıb.
– Bu istiqamətdə təhsilin də rolu az deyil. Əməkdaşı olduğunuz mərkəzə yeni tələbələr gəlir. Necə düşünürsünüz, müasir təhsil tələblərə adekvatdırmı?
– Bizə iş üçün və eləcə də praktikaya tələbələr gəlir. Düzünü desəm, təhsil səviyyələri çox aşağıdır. Söz yox, aralarında elələri var ki, bilir, məlumatlıdır. Bu qənaətdəyəm ki, bu sahəyə gəlmək istəyən şəxsin marağı olmalıdır.
– Əl sənətkarlığının daha da inkişaf etməsi, məhsullarımızın daxili və xarici bazarlara çıxarılması üçün nə tövsiyə edərdiniz? Cəfər müəllim hansı innovatik layihələr düşünür ki, bu istiqamətdə işlər görülsə, faydalı olardı?
– 2019-cu ildə Şəkidə Mir Teymur müəllimin təşəbbüsü ilə keramika ilə bağlı simpozium keçirildi. Orada, təxminən, 18 dövlətin nümayəndəsi iştirak edirdi. Simpozium elə yüksək təşkil edilmişdi ki, qonaqlar da təəccüblənmişdilər. Belə simpoziumlar sənətkarlarımızı, ölkəmizi tanıtdırmaq üçün çox lazımdır. Biz hazırda evin içindəyik, çöldən xəbərimiz azdır. Qonaq dəvət etməliyik, xarici ölkələrə çıxış imkanlarımız artırılmalıdır. Maraqlı layihələr hazırlanıb həyata keçirilməlidir.
R.FİKRƏTOĞLU
XQ