“Yaşılım, yaşılım, hara gedirsən”

post-img

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Yaşılım, yaşılım, hara gedirsən” kitabının təqdimatı olub.

Kitabın redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli yeni nəşr haqqında məlumat verərək bildirib ki, topluda 300-ə yaxın şairin təbiət mövzüsunda yazdığı ədəbi nümunələr cəmlənib. Kitabın ön söz müəllifləri Xalq yazıçısı Anar və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovadır. Ədəbiyyatımızın cəmiyyətə dəyərli töhfəsi kimi qəbul olunan şeirlər toplusu 700 səhifədən ibarətdir. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Tahir və Zöhrə, “Aşıq Qərib” kimi dastanlardan da təbiətlə bağlı şeirlər burada yer alır. Nəşrin adı isə mərhum şair Eldar Baxışın şeirindən götürülüb. Kitabda Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının əsərlərinin reproduksiyaları yer alıb.

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, AYB-nin İdarə Heyətinin üzvü, professor Jalə Əliyeva təbiətin füsünkarlığını tərənnüm edən şeirlər kitabının ərsəyə gəlməsində Xalq yazıçısı Anarın, ideya müəllifi Rəşad Məcidin, redaktor Vaqif Bəhmənlinin və tərtibçi Xatirə Fərəclinin böyük zəhməti olduğunu vurğulayıb.

Sonra Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin və Sumqayıt şəhəri, general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbiyyatımızın görkəmli simalarından Rəsul Rza, Anar, Nurəngiz Gün, Rəşad Məcid və digərlərinin təbiətlə bağlı şeirləri səsləndirilib.

Mərasimdə Mətanət Şirvanlı, Adil Cəmil, İbrahim İlyaslı, Ağacəfər Həsənli, Arifə Əliyeva, Nazir Rüstəm, Zahir Məlikli, Məlahət Yusifqızı, Tofiq Nurəli, İbrahim Yusifoğlu, Dayandur Sevgin və başqaları ürək sözlərini söyləyərək, təbiət mövzusunda şeirlər oxuyublar.

Təqdimatda təbiətə həsr olunmuş toplunun kitabxanalara, məktəblərə verilməsi, oxucu kütləsi arasında geniş yayılması və yeni cildinin hazırlanması da təklif olunub.

Sonda topluda yer almış müəlliflərin hər birinə kitab hədiyyə olunub.

Fidan SALMANOVA
XQ

Mədəniyyət