Azərbaycan Milli Mətbuatı – 150
Qarşıdan özülü “Əkinçi” qəzeti ilə qoyulan anadilli mətbuatımızın şanlı yubileyi gəlir. Bu ərəfədə həm jurnalistikamızın şərəfli tarixini, həm də bu sahədə fədakarcasına qələm çalmış ziyalılarımızı xatırlayır, danılmaz xidmətlərini qeyd edirik. Zaman-zaman mətbuat aləmində jurnalistikanın konkret elm sahəsi olub-olmaması ilə bağlı müzakirələr də aparılır. Elə oxucuların diqqətinə çatdırdığımız yazıda da bu barədə söhbət açmaq istəyirik.
Jurnalistika yarandığı ilk gündən geniş ictimaiyyətin diqqətini özünə cəlb edib. Vaxtaşırı onun haqqında tədqiqatçı, nəzəriyyəçi alimlər araşdırmalar aparıb, maraqlı, dəyərli fikirlər söyləyiblər. Bu isə həm də jurnalistikanın inkişafını ləngidən problemlərin həlli baxımından önəmlidir.
Hələ XVIII yüzillikdə jurnalistika haqqında fikir və mülahizələrə rast gəlsək də, dünya mətbuatının tarixi ilə bağlı araşdırmalar 1 əsr sonra geniş şəkildə meydana gəlib. İngiltərənin görkəmli media tədqiqatçılarından Adam Brizq və Pol Qobli “media elmi” anlayışını hələ 20-ci yüzilliyin əvvəllərində söyləyiblər. O vaxtdan başlayaraq, bu sahədə tədqiqat işlərinin fəaliyyəti genişləndirildi. Hətta bəzi ölkələrdə bu işi əsasən elmi-tədqiqat institutlarında, sosioloji tədqiqat mərkəzlərində, elmi laboratoriyalarda həyata keçirdilər və saysız-hesabsız araşdırmalar hazırlandı. Bu iş bu gün də davam edir. Qeyd etmək lazımdır ki, jurnalistikanın öyrənilməsi onun inkişafına təkan verən əsas amillərdəndir. Çünki əldə edilən nəticələr bu gün bizi həm nəzəri, həm də metodoloji cəhətdən zənginləşdirir.
Jurnalistikanın tədqiqinə nəzər salarkən aydın olur ki, mətbuatın ilk nümunələri Avropada yarandığından, onun haqqında fikirlər də öncə burada yaranıb. Bunun ilkin nümunələrini Fransada, İngiltərədə, Almaniyada görürük. Məsələn, Karl Byuxerin “Qəzetin meydana gəlməsi”, Lüdviq Salamonun “Mətbuatın ümumi tarixi” və digər məşhur əsərlərin adlarını çəkə bilərik.
Bu tədqiqatlardan belə aydın olur ki, Qərbi Avropa ölkələri arasında jurnalistika tarixinin araşdırılmasına daha çox Almaniyada yer verilib. Orada 5 cildlik “Qəzetçilik tarixi” adlı tədqiqat əsərləri hazırlanıb. Lakin buna baxmayaraq, Almaniyanın görkəmli tədqiqatçılarından O.Qort hələ 1948-ci ildə təəssüflə yazırdı ki, “bizdə qəzet elmi yoxdur”.
Beləliklə, jurnalistikanın tədqiqinin tarixi təcrübəsi sübut edir ki, “başqa elm sahələri kimi, jurnalistikada da ənənələrin inkişaf prosesinə təsiri” hər an özünü büruzə verir. Belə olmasaydı, biz bu gün cəmiyyətdə KİV-in sürətlə artan gücündən, nüfuzundan danışa bilməzdik. Deməli, tarixən əldə edilən təcrübələr bizə daha düzgün yol göstərir və qiymətləndirmə aparmağa imkan verir.
Sovet dövrü ölkəmizdə jurnalistikanın öyrənilməsi sistemli xarakter alsa da, onun bütün parametrləri öyrənilsə də, bu proses siyasi rejimin, ideoloji konsepsiyanın tələb-təklifinə uyğun aparılmışdır. Ona görə də bu sahədə boşluqlar daha çoxdur. Düzdür, dövlət müstəqilliyimizin bərpasından sonra jurnalistikanın tarixinə, nəzəriyyəsinə, təcrübəsinə və s. məsələlərinə aid çoxsaylı tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar jurnalistikanın tarixi, mövzu dairəsi, inkişaf yollarını öyrənməklə yanaşı, həm də jurnalist etikası, məsuliyyəti, KİV-in marketinqi, reklam və s. mövzulara həsr edilib.
Əksər tədqiqatçılar jurnalistika üzrə dünya tarixşünaslığının zəif inkişaf etməsinin əsas iki səbəbi olduğunu vurğulayırlar. “Birincisi, jurnalistika hələ də bir çox ölkələrdə elm kimi qəbul edilməyib, ikincisi, ümumdünya jurnalistika tarixinin zəif öyrənilməsidir”. Düzdür, prosesə 100 il bundan əvvəl başlansa da, bu sahədə canlanma son 15–20 ildə hiss edilir.
Burada bir faktı da vurğulamaq lazımdır ki, jurnalistikanın tədqiqində uzun illər iki konsepsiya mövcud olub. Biri sovet nəzəriyyəçilərinin predmetə yanaşma tərzi, ikincisi dünyanın inkişaf etmiş azad jurnalistikaya malik ölkələrinin məsələyə münasibəti. Bu konsepsiyalar bir-birindən ciddi şəkildə fərqlənib. Sovet nəzəriyyəçiləri KİV-ə yalnız təbliğat vasitəsi kimi yanaşırdılar. Dünyanın inkişaf etmiş, azad sözə, mətbuata malik olan ölkələrin nəzəriyyəçiləri isə jurnalistikaya əsasən informasiya, kommunikasiya vasitəsi kimi baxıblar və onun azad fəaliyyətinin cəmiyyətdəki rolunu qabarıq verirdilər. Sovetlər mətbuatı güclü nəzarət altında saxlamağın tərəfdarı idilər və belə də edirdilər. Ona görə də sovetlərin dövründə şəxsi mətbuat, onun bazar iqtisadiyyatındakı rolu məhdudlaşdırılmışdır. Sovetlər mətbuata yalnız sinfi mövqedən, ideoloji aspektdən yanaşırdılar. Bu yanaşma yanlış təsəvvür yaradırdı ki, bu da elmi tədqiqat üçün arzu olunmaz bir cəhətdir.
Elm-texnikanın sürətli inkişafı nəticəsində jurnalistika “bugünkü qədər geniş və çoxşaxəli olmayıb”. XXI yüzilliyin əvvəllərindən elektron informasiya vasitələrinin anbaan inkişafı jurnalistikanın imkanlarını sürətlə artırıb. Bu gün bütün ənənəvi KİV-in elektron versiyası mövcuddur. İnternetin fəaliyyəti jurnalistikanın cəmiyyətdə yerini və rolunu daha da artırıb. Təbii, bütün bunlar tədqiqatçıların da diqqətindən yayınmır. Yeni məzmunda, yeni formada çoxsaylı tədqiqat əsərləri ərsəyə gəlir.
Azərbaycanda jurnalistikanın bir elm kimi formalaşması məsələsini hələ 1974–75-ci illərdə professor Şirməmməd Hüseynov irəli sürmuşdür. O, yazırdı ki, “mətbuat tarixi konkret tarix elmlərindən biridir. Digər elmlər kimi, bu elm də daim inkişaf edir, təkmilləşir, şaxələnir”. İllər sonra onun bu fikrini professorlar Yalcın Əlizadə, Cahangir Məmmədli, Şamil Vəliyev və başqaları dəstəklədilər. Yalçın Əlizadə 2010-cu ildə “Azərbaycanda ali jurnalistika təhsili” adlı məqaləsində yazırdı ki, “bu gün ölkəmizdə jurnalistikanın praktik istiqamətləri ilə yanaşı, elmi-nəzəri aspektləri də inkişaf yolundadır. Jurnalistika ölkədə bir elm kimi formalaşmaqdadır”.
Həqiqətən də, ölkəmizdə jurnalistikanın son illərdəki fəaliyyətinə nəzər salarkən bəlli olur ki, bu sahədə elmi-nəzəri fikrin və tövsiyələrin formalaşmasına şərait yaranıb. Hazırda “Azərbaycan elmində islahatlar aparılmasına zərurət yarandığı bir vaxtda jurnalistikanın müstəqil elmi istiqaməti kimi tanınmasına kifayət qədər əsas var”, – söyləyən tədqiqatçı alimlər çox haqlıdırlar.
Professor Cahangir Məmmədli 2011-ci ildən mövzu ilə bağlı çox maraqlı məqalələrlə çıxış edir. Hörmətli professor “Medialogiya anlayışının elmi mahiyyəti” adlı məqaləsində “jurnalistikanın müstəqil elm kimi tanınmasına kifayət qədər əsas” olduğunu söyləyir və fikirlərini elmi-nəzəri aspektdən əsaslandırır. Doğrudan da, bu gün jurnalistikamız inkişaf edərək “mükəmməl ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlibdir”. Odur ki, bu gün jurnalistikamızın fəaliyyəti “elmi-nəzəri meyarlar baxımından daha geniş təhlil və tədqiqata cəlb edilməlidir”.
Professor C.Məmmədli son 20 il ərzində jurnalistikanın artıq öz elmi kateqoriyalarının formalaşdığını və onu müstəqil elmi sahəyə çevirmək vaxtının çatdığını məqalələrində irəli sürür. Müəllifin bu fikirləri qardaş Türkiyənin media nəzəriyyəçiləri, görkəmli alimlər Atilla Girgin, Murçay Türkoğlu, Ersan Hilal tərəfindən də dəstəklənir.
“Əkinçi”dən üzü bəri H.Zərdabinin yaradıcılıq ənənələrini davam etdirən yazarlarımız onun “jurnalistikaya dair elmi-nəzəri görüşlərini yeni dövrə uyğunlaşdırdı, təkmilləşdirdi, milli mətbuatşünaslığın yaranmasına nail oldular”, – söyləyən professor Şamil Vəliyev “Varis olmağı bacarmalıyıq” adlı məqaləsində milli mətbuatşünaslığın yaranması məsələsinə geniş yer verib. Tədqiqatçı alim sonda yazırdı ki, “jurnalistika da özünəməxsus predmetə, təhlil və tədqiq obyektinə malikdir”.
Tədqiqatçı alim Veydəddin Piriyev “Jurnalistikaşünaslığa giriş” adlı əsərində son illərdə jurnalistikanın müstəqil elm kimi formalaşmasına işarə edərək “jurnalistika varlığı əks etdirən peşə, sənət və elm sahəsidir” söyləyir.
İstər dünya alimlərinin, istər bizim alimlərimizin söylədiyi dəyərli fikir və mülahizələr bir daha sübut edir ki, jurnalistika, həqiqətən, bu gün müstəqil elm sahəsi kimi formalaşmaqdadır. Unutmayaq ki, “jurnalistika ictimai şüuru və sosial mühiti tənzimləyən elm sahəsidir”. Ona görə də alimlər onun bir elm kimi formalaşması prosesini elmi ictimaiyyətin diqqətinə çatdırmağı özlərinə borc bilirlər.
Qərənfil DÜNYAMİNQIZI,
filologiya elmləri doktoru, Əməkdar jurnalist