Elm və texnologiyanın inkişafı ilə bağlı onun zərərli tərəfləri də müşahidə olunur. Qadcetlərdən və rəqəmsal xidmətlərdən daimi istifadə nəticəsində həddindən artıq yüklənmə rəqəmsal yorğunluq sindromunun yaranmasına gətirib. Müasir dövrdə insanların 80 faizindən çoxu özünü telefonsuz və onlayn ünsiyyətsiz təsəvvür etmir.
Buna görə də ətrafımızda olanların əksəriyyəti bu gün halsızlıq, fiziki və rəqəmsal yorğunluq sindromu yaşayır. Təhlükəli odur ki, daha çox gənclər qadcetlərdən daimi istifadə və internetdə olmaq nəticəsində yaranan fiziki və emosional tükənmə vəziyyətindən şikayətlənirlər. Bu, təkcə gözlərin, beyinin yorğunluğu deyil. Rəqəmsal yüklənmə səbəbindən orqanizmin ümumi fəaliyyəti kompleks şəkildə pozulur.
Bəs rəqəmsal yorğunluq necə yaranır?
Bu suala nevroloqların bir cavabı var: İnsan beyini orta istifadəçinin internetdə gündəlik gördüyü reklam mesajlarının sayını faydalı şəkildə emal etmək iqtidarında deyil.
Diqqət daim dəyişir – Təxminən, hər 6–8 dəqiqədən bir bəzi bildirişləri və ya xəbər resurslarını, yaxud, işə aid olmayan bəzi digər məlumatları oxumaqla diqqət yayınır. Zamanla bu, dəqiqləşdirmənin, konsentrasiyanın azalmasına səbəb ola bilər. Bundan əlavə, şəbəkə məzmununun bu cür “istehlakı” məhsuldarlığa da ciddi və neqativ təsir göstərir.
Ekranlardakı mavi işıq – bu işıq yuxuya getmə ilə bağlı problemləri aradan qaldıran melatonin istehsalını boğur və yuxunun keyfiyyətini pisləşdirir. Eyni zamanda, dərin yuxunun müddətini azaldır.
Rəqəmsal yorğunluğa daha çox həssas olanlar – gündə 8 saat və ya daha çox vaxtını kompüter arxasında olan ofis işçiləri, günün ən azından 6 saatını sosial mediada keçirən yeniyetmələr və onlayn – məsafədən işləyən insanlardır.
Rəqəmsal yorğunluğun əsas simptomları – baş ağrıları, gözlərdə quruluq və qızartı, boyun və bel ağrıları, yuxusuzluqdur. Bundan başqa, simptomlara emosional əlamətlər – qıcıqlanma, getdikcə artan narahatlıq, apatiya, motivasiyanın azalması və psixoloji pozğunluqlar daxildir.
ÜST-nin məlumatına görə, həddən artıq rəqəmsal yüklənmə insanlarda depressiya və narahatlıq pozuntuları riskini artırır.
Mütəxəssislərin fikrincə, qadcetlərdən daimi istifadə etmək və beynimizin yerinə yetirməli olduğu funksiyaları onlarla həyata keçirmək bizi kütləşdirə bilər. Daim internetdən istifadə edənlərdə yaddaş, öyrənmə qabiliyyəti və yaradıcı təfəkkür pisləşə bilər.
Həkimlər, ilk növbədə, hər kəsin öz rəqəmsal vərdişlərindən xəbərdar olmağını və beyinə davamlı olaraq daxil edilən “məlumat səs-küyündən” ara verməyi tövsiyə edirlər.
Nevroloqların fikrincə, yorğunluq zamanı rəqəmsal detoksdan istifadənin də faydası böyükdür. Belə ki, gündə 1–2 saat telefonsuz vaxt keçirmək və müəyyən saatlarda bildiriş funksiyasını söndürmək məsləhətdir.
Bundan başqa, 20–20–20 qaydasına əməl etmək də faydalıdır. Yəni, hər 20 dəqiqədən bir ekrandan 20 metr uzaqlıqdakı obyektə 20 saniyə müddətində baxmaq lazımdır.
Onlayn məzmun şüurlu şəkildə təmizlənməlidir:
– Az istifadə etdiyiniz proqramları silin.
– Sosial mediada keçirdiyiniz vaxtı məhdudlaşdırın.
– Fiziki cəhətdən aktiv olun.
– Telefonsuz gəzintiyə çıxın.
– Göz məşqləri edin: bəbəyi saga–sola–yuxarı–aşağı–dairəvi və əks istiqamətə hərəkət etdirməklə gözlərin yorğunluğunu aradan götürün.
Zərifə HÜSEYNOVA
XQ