Unudulmaz qələm dostumuz və həmkarımız, dilçi-ədəbiyyatşünas və publisist İlham Əli oğlu Abbasovun bu fani dünyanı tərk edərək, əbədiyyətə qovuşmasından 1 il keçir.
İlham Abbasov 1957-ci ildə Goranboy şəhərində ziyalı ailəsində anadan olmuş, milli-mənəvi dəyərlərimizə dərin sevgi ruhunda böyüyüb tərbiyələnmişdi. 67 illik ömründə ana dilimizin tədqiqi və tədrisi, milli ədəbiyyatımızın təbliği, milli publisistikamızın yeni mövzularla zənginləşdirilməsi ilə bağlı zəngin və mənalı bir yaradıcılıq yolu keçmişdi.
Goranboyda orta məktəbi bitirdikdən və orduda xidmətdən sonra 2 il doğma rayonda fəhlə işləmiş, 1979-cü ildə Bakı Dövlət Universitetinin filiologiya fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra – 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayan istedadlı filoloq 1989–1999-cu illərdə bu ali məktəbdə laboratoriya müdiri işləmiş, 2002-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim və baş müəllim kimi fəaliyyət göstərmişdi.
Gənclik illərindən ölkənin müxtəlif qəzet-jurnalları ilə fəal əməkdaşlıq edən İlham Abbasov 1995-ci ildən pedaqoji fəaliyyəti ilə yanaşı, “Xalq qəzeti”ndə də işə qəbul edilmiş, humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Ötən illərdə qəzetin redaksiyasında bu sahəyə aid mövzularda yazıların yüksək peşəkarlıqla hazırlanmasına rəhbərlik edən təcrübəli qələm sahibi özü də silsilə publisistik yazılarla çıxış edirdi.
İlham Abbasov xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə qəzetimizdə fəaliyyətini dayandırandan sonra da arabir redaksiyamıza gəlir, hər birimizlə görüşüb səmimi söhbətlər edirdi. Onu narahat edən məsələlər barədə qəzet səhifələrində çıxışlar da edirdi. İlham Abbasov “Xalq qəzeti”ndə son çıxışı ulu Nizami Gəncəvinin əsərlərinin mövzu seçimi və fars dilində yazmasının səbəbləri, o cümlədən də paniranistlərin şairi əsassız olaraq, qərəzlə “fars” kimi qələmə vermələri barədə idi. Bir alim olaraq buna qarşı od püskürən dostumuz qəzetin 12 mart 2023-cü il tarixli sayına müsahibhəsində birmənalı olaraq bildirirdi ki, Nizami poeziyasının dili farsca olsa da, ruhu – məramı, ideyası türkcədir.
Nizami türk əsrinin, türk minilliyinin, türk məmləkətinin türk oğlu türküdür. Faktlarla sübut edirdi ki, Nizaminin türklüyə bağlılığı təkcə dil məsələsində deyil, şairin yaradıcılığının məzmun və ideya istiqamətlərində, onun dünyagörüşü və düşüncə tərzində də çox qabarıq və aydın şəkildə görünür. Nizami əsərlərində gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, müdrik, rəhbər, adil anlayışlarını “türk” kəlməsi ilə ifadə edib. Gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, halallıq və müdriklikdən bəhs edəndə “türklük” sözünü işlədib...
Azərbaycan Mətbuat Şurasının dil üzrə eksperti olan İlham Abbasov ölkə mediasında ana dili normalarına əməl edilməsi ilə bağlı davamlı monitorinqlər aparılmasına rəhbərlik etmiş, dil qanunvericiliyi və ədəbi redaktə sahəsində metodik-tövsiyə vasitələri hazırlayıb nəşr etdirmişdi. Tələbəlik illərindən ölkənin ədəbi mühiti ilə sıx əlaqədə olan qələm dostumuz Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid bölməsinin fəaliyyətində də yaxından iştirak edib, dərin bilikli ədəbiyyatşünas, nadir söz xiridarı olaraq tanınıb. Onun ədəbi-bədii nəşrlərdəki çıxışları daim böyük maraqla qarşılanırdı.
Tanınmış dilçi-ədəbiyyatşünas və yurdsevər publisist İlham Abbasovun çoxsaylı elmi və populyar məqaləsi, “Əbədi vətən”, “Sənət duyğuları”, “Himnimizin müəllifi”, “Nobel mükafatçıları” kimi kitabları ona layiqli nüfuz qazandırmışdı. Dostu, mərhum professor Əzizxan Tanrıverdinin redaktorluğu ilə Xalq şairi Məmməd Arazın yaradıcılığı üzrə gəzişmələrlə müasir Azərbaycan poeziyasının bədii dil xüsusiyyətlərinə dair nəşr etdirdiyi “Məni şeirimdə gəz” (2020) kitabı ədəbi cameədə böyük maraq doğurmuşdu. Ondan 2 il sonra İlham Abbas çap etdirdiyi “Anamın dili” (2022) kitabının titul səhifəsində yazmışdı: “Həm də ana dili müəllimim olmuş anam Pakizə xanımın əziz xatirəsinə”. Ana dilini mənəvi Vətənimiz sayan müəllif, əsərində bu sahənin ən aktual məsələlərinə işıq tutmuş, özəl və gözəl fikirlərini qələmə almışdı.
Ötən ilin avqustunda – ömrünün yetkin, yaradıcılığının məhsuldar, pedaqoji fəaliyyətinin gərəkli bir dövründə İlham Abbasovun qəfil ölümü elm, təhsil və jurnalistikamız üçün ağır itki oldu. Artıq 1 ildir ki, onun ruhu anası Pakizə xanımın ruhuna qovuşub. Dəyərli soydaşımızın, peşəkar həmkarımızın və istəkli dostumuzun işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq.
Ə.DOSTƏLİ
XQ