Ümumtürk musiqisi Aşıq Ələsgər və Üzeyir Hacıbəyli irsi işığında

post-img

Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Folklor İnstitutu, Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium keçirilir.

Məclis iştirakçıları əvvəlcə Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhmət Akif Ərsoy, Məhtimqulu Fəraqi, Çin və Pakistan mərkəzlərinin, Elektron zalın fəaliyyəti ilə tanış olublar.

Simpoziumu giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının Sərəncamı ilə bu il ölkəmizdə və UNESCO xətti ilə beynəlxalq miqyasda dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, tanınmış ictimai xadim, akademik Üzeyir Hacıbəylinin 140 illiyi təntənəli surətdə qeyd olunur.

Üzeyir Hacıbəyliyə, Aşıq Ələsgərə yenidən qayıtmaqla bütün dünya xalq musiqimizin, aşıq sənətimizin nə qədər zəngin, bənzərsiz və orjinal, eləcə də həm milli, həm də bəşəri olduğunu çox aydın şəkildə gördü.

Aşıq Ələsgər də Üzeyir Hacıbəyli kimi rəngarəngliyə üstünlük vermiş, aşıq sənətinin bütün növlərində – qoşma, gəraylı, deyişmə, gözəlləmə, dastan, rəvayət, qıfılbənddə gözəl nümunələr yaratmışdır. Bugünkü beynəlxalq məclisin həm də türk xalqlarının musiqi mədəniyyətinə nəzər salacağını deyən akademik İsa Həbibbəyli simpoziumun işinə uğurlar arzulayıb.

Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş geniş tədbirlərlə yanaşı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il 17-ci dəfə keçirildiyini bildirib, simpoziumun işinə uğurlar arzulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova dahi Üzeyir Hacıbəylinin Şərq və Qərb musiqisini birləşdirməklə Azərbaycan və dünya musiqisinə yeni nəfəs gətirdiyini, xalq yaradıcılığından istifadə etməklə milli kimliyi gücləndirdiyini, Aşıq Ələsgərin isə qoşma və dastanları ilə gələcəyə yol göstərdiyini deyib. O, vurğulayıb ki, bugünkü məclisdə türk xalqlarının musiqisinin öyrənilməsi isə gələcək tədqiqatlar üçün geniş imkanlar açacaq.

Simpozium plenar məruzələrlə davam etdirib. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Mətin Ekici və AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev plenar məruzələrlə çıxış ediblər.

Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qazaxıstan Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru, akademik Kenjexan Matjanov, Türkiyənin Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, prof. Ərhan Özden və Özbəkistan Fənlər Akademiyası Ədəbiyyat Muzeyinin direktoru, professor Jabbor Eshonqulov türk xalqlarının musiqi mədəniyyətindən danışıblar.

Simpozium işini bu gün Azərbaycan Milli Konservatoriyasında davam etdirəcək.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət