Gənclik şəhərində ağsaqqal şairin yubileyi

post-img

Sumqayıtda tanınmış şair-publisist, pedaqoq Əvəz Mahmud Lələdağın 90 illik yubileyi qeyd olunub.

Ömrünün 70 ilini pedaqoji sahəyə, şeirə, sənətə həsr etmiş Əvəz Mahmud Lələdağ Xarici Dillər İnstitutunu bitirdikdən sonra bir müddət doğma Zəngəzurda – Sisyanın Ağdü kənd məktəbində müəllimlik edib. Sonra taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Burada həm hörmətli pedaqoq, həm də xalq ruhunda yazan şair kimi tanınıb. Onun xidmətlərinə verilən dəyər kimi “Qabaqcıl təhsil işçisi” mükafatı, “Tərəqqi” medalı, Prezidentin fəxri diplomu və s.-ni göstərmək olar. Şairin 50-yə yaxın kitabı çap edilib, 10 pyesi səhnəyə qoyulub.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən yubiley mərasimində şəhər rəhbərliyi, Milli Məclisin deputatları, çoxsaylı ziyalılar, gənclər Əvəz Lələdağın poeziya işığına toplaşmışdılar. Teatrın foyesində şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanışlıq onun haqqında bilgiləri daha da dolğunlaşdırırdı. Salonda oturacaqlara şairin yeni çapdan çıxmış “Gur işıqlı şəhərim” kitabının nüsxələri qoyulmuşdu. Bununla da hər kəs onun poetik dünyasına bir daha dərindən nüfuz edə bildi.

Hünər meydanıdır, addımla, qardaş,
Zəhmətə həmdəm ol, hünərə sirdaş.
Vətən sarayında çatmasa bir daş,
Ora ürəyini qoyasan gərək...

Şairin haqqında çəkilmiş filmdən kadrlar, aktyorların və məktəblilərin söylədikləri şeirlər, dram əsərlərindən seçilmiş parçalar iştirakçılarda könül xoşluğu və zəngin təəssürat yaratdı.

Yubiley mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əvəz Mahmud Lələdağın Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək dəyərləndirdi. Şəhər Ağsaqqallar Şurasının sədr müavini kimi onun geniş ideoloji fəaliyyət göstərdiyini qeyd etdi. Yubilyara ŞİH başçısının imzaladığı fəxri fərman və “Sumqayıtın fəxri vətəndaşı” adının verilməsi barədə sərəncamın mətni təqdim olundu.

Digər natiqlər –AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin komitə sədri, şair Musa Quliyev (Urud), şair-tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, bədii qiraətçi Pünhan İsmayıllı, vaxtilə Əvəz müəllimdən dərs almış tanınmışlar və başqaları ürək sözlərini söyləyib, yubilyara ən xoş arzularını çatdırdılar.

Məclisdə iştirak edən həmkarım – Ağdü kəndində Əvəz müəllimin şagirdi olmuş Əməkdar jurnalist Vaqif Bayramov söhbət zamanı dedi:

– Çox şadam ki, yarım əsr əvvəl mənə dərs demiş gözəl müəllim, şair və dramaturqun 90 illik yubileyində onu təbrik edənlərin sırasındayam. O bizə alman dilini tədris edib, eyni zamanda, xalq ruhundan süzülən parlaq şeirləri ilə doğma ana dilimizin özəlliklərini sevdirə bilib. Bir də ona sevinirəm ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasını görmək şairə nəsib olub. Vaxt gələr, onunla birgə Qərbi Azərbaycandakı doğma yurd yerlərimizə, Sisyana, Ağdüyə də yollarımız açılar və Əvəz müəllim vüsal duyğulu yeni şeirlər yazar.

Mərasim maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdi. Sonda Əvəz Mahmud Lələdağ yeni şeirlərini oxudu, tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirdi.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət