Son 5 ildə 409 nəfər mina qurbanı olub və onlardan 71 nəfəri həyatını itirib
Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində baş verən mina partlayışı Azərbaycan Ordusunun ehtiyatda olan giziri, Birinci və İkinci Qarabağ müharibəsinin əfsanəvi kəşfiyyatçısı Səyyaf Fiqan oğlu Əhmədovun həyatına son qoydu.
Səyyaf Əhmədov “Xanı” ləqəbi ilə tanınırdı. Səsi elə məlahətli və avazlı idi ki, döyüş meydanında yoldaşlarına ruh yüksəkliyi verir, azadlıq uğrunda mübarizəyə səsləyirdi. Uzun illər ön cəbhədə xüsusi əməliyyatlarda iştirak etmiş, hərb meydanında rəşadət göstərmiş Səyyaf Əhmədov 1971-ci il aprelin 5-də Ağdam rayonunun İsmayılbəyli kəndində dünyaya göz açmışdı. Kiçik yaşlarından vətənpərvərliyi, şücaəti və igidliyi ilə fərqlənmiş, 1992-ci ildən könüllü olaraq Azərbaycan Ordusuna yazılmış və qısa müddət sonra ön cəbhəyə göndərilmişdi. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda qəhrəmanlıq göstərmiş, döyüşlər zamanı üç dəfə ağır yaralanmışdı.
Ağdam rayonunun işğaldan azad olunmasından sonra “Xanı” Cümə məscidinin minarəsinə qalxaraq “Qarabağ şikəstəsi” oxumuş, bununla da həm illərin nisgilini, həm də qələbənin qürurunu birləşdirən unudulmaz xatirə ilə yaddaşlara həkk olunmuşdu. O səs minarədən ucalaraq bütün Qarabağa yayılmış, sanki viran qalan şəhərə ümid toxumu səpmişdi.
Sentyabrın 24-də Səyyaf Əhmədovun cənazəsi yaşadığı Birinci Baharlı qəsəbəsində Üçoğlan kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, mərhumun ailə üzvləri, döyüş yoldaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının və digər rəsmi qurumların nümayəndələri iştirak ediblər. Onunla vidalaşmaq üçün təkcə Ağdamdan deyil, ətraf rayonlardan da çox sayda insan gəlib.
O, döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Bundan başqa, Müdafiə Nazirliyi tərəfindən 5 fərqli medala layiq görülüb.
Əfsanəvi kəşfiyyatçı “Murov qartalı” şəhid polkovnik-leytenant Raquf Orucovun silahdaşı olub. Onların birlikdə keçdiyi döyüş yolu Azərbaycanın hərb tarixində igidliyin, fədakarlığın nümunəsi kimi qalacaq.
Fidan ƏLİYEVA
XQ