Londondakı Qarabağ Məktəbi uğurlu çıxışına görə sertifikata layiq görülüb

post-img

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) nəzdində onlayn fəaliyyət göstərən Qarabağ Məktəbinin şagirdləri cari ilin fevral ayında Londonda xeyriyyə məqsədilə keçirilən “Face of Ealing Community Concert” (“İlinqin Üzü İcma Konserti”) adlı xeyriyyə konsertinə qatılıb. Londonun Ealing (İlinq) bölgəsinin meri və bələdiyyə başçısı Yvonne Johnsonun (İvan Conson) təşəbbüsü ilə baş tutan tədbirdə Qarabağ Məktəbinin şagirdləri milli geyimdə və Azərbaycan bayrağı ilə səhnəyə çıxıblar. Onlar səhnədə məktəbin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanın müəllifi olduğu “Dostluq himni”ni ifa ediblər. Məktəbin musiqi müəllimləri Rasim və Səadət Fərziyevlərin müşayiəti ilə baş tutan çıxış konsert iştirakçıları və təşkilatçıların böyük rəğbəti ilə qarşılanıb.

Bu uğurlu çıxışa görə, 2025-ci il 7 sentyabr tarixində mer Yvonne Johnson Qarabağ Məktəbinə xüsusi təşəkkür sertifikatı təqdim edib. Sertifikat icmamızın fəal üzvü Fərid Əliyevə təqdim olunub. Görüş zamanı Fərid Əliyev sertifikata görə təşəkkür edib,  mer və digər qonaqlara məktəbin fəaliyyəti barədə məlumat verib. Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) 2021-ci ilin sentyabrında təsis etdiyi Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.

Mustafa Kamal
XQ





Mədəniyyət