Sözün solmayan çəhrayı rəngi

post-img

İstiqlal şairimiz Məmməd Arazı 72 yaşınadək hər il 14 oktyabrda dünyaya göz açdığı gün münasibətilə yaşadığı mənzildə təbrik edir, ona cansağlığı, uzun ömür arzulayır, sevgi-sayğılarımızı üzbəüz çatdırırdıq. 20 ildir ki, unudulmaz sənətkarımızın əziz xatirəsini onun əbədiyyət ünvanında – Fəxri xiyabandakı məzarını ziyarətlə yad edirik.

Bədii sözün təsiri ilə fırçanın ecazkar nəqşələri arasında bir yaxınlıq, oxşarlıq duyuram hər zaman. Sözlər rənglidir, sanıram. Odur ki, hər şair ilhamının mənimçün öz rəmzi boyası, rəmzi predmeti var. Məmməd Araz çəhrayı rəng və Sal Qaya ilə, Nəriman Həsənzadə yaşıl rəng və göy qurşağıyla, Fikrət Qoca ağ rəng və çiçəklərlə təsəvvürümə gəlir.

Gün doğmamışdan dan yeri çəhrayı bir sevinclə üzə gülür. Çiçək kimi çırtlayan xəfif çəhrayı içində bir azdan qızaracaq üfüqin dodaqları səyriyir və göyün üzünə ilk qızartılar gəlir. Üfüqin bağrında əvvəl-əvvəl çəhrayı bir aydınlıq cilvələnir, cilvələndikcə pərdə-pərdə sökülür, açılır. Ürəyinə aydınlıq sevinci dolmağa başlayır. Dan yerinin həmin aydınlıq sevincidir mənim üçün Məmməd Araz şeiri. Haçan oxuyuram, sübhün çəhrayı şəfəqləri qədər xoş bir həyəcan dolur içimə, qəlbim duyğulanır, xəyalım qanadlanır. Bir də günəş batanda çəhrayı olur üfüq. Çəhrayı şüalar buluddan-buluda, üfüqdən-üfüqə şərid-şərid uzanaraq əngin göy tağlarında çiçəkləyir elə bil. Dünyanı çəhrayı bir sevincdə çimizdirir batan günəş. Bəxtəvər olur göz də, könül də. Mənim üçün bəxtəvərlikdi Məmməd Araz şeiri. Haçan dinləyirəm, bəxtəvər oluram. Nə vaxt eşidirəm, arzularıma qovuşuram elə bil.

O çəhrayı şəfəqləri payəndaz edib Şüvəlan bağlarından “Təbrizüstü vadilərəcən” getdiyim olub - Məmməd Araz şeirini oxuyandan sonra.

Tünd çəhrayı o rəng - qaşını çatmış Təbriz ümididi, elə bilmişəm. “Təbriz nə istəyir? - Təbriz - qurtuluş!”. Tünd çəhrayı rəng - Məmməd Arazın siyirməqılınc misralarıdı. Bir baxın: “Torpaq altda gizlətmişik gur səsini babaların”.

Məmməd Araz iki-üç şairimizdən birincisi idi ki, 1988-ci ildə azadlıq və ədalət eşqi ilə dalğalanan Meydanımızı salamladı, öyüd verdi bizə. Xalq sevdiyi, hörmət etdiyi adamın öyüd-nəsihətini qəbul edir. Şair səhhəti ilə əlaqədar mitinqə gələ bilməmişdi. Onun məktubunu Sabir Rüstəmxanlı oxuyurdu. Onda hələ Meydana ad qoymamışdıq. Meydana ilk adı Məmməd Araz verdi: Sahil meydanı. Böyük birlik nəğməmiz ilk dəfə Sahil meydanında gurladı...

Babək qılıncının ovxarı var Məmməd Araz sözündə. Səsimi səslərə, yumruğumu yumruqlara qoşub “Koroğlu uvertürası”na qəlbim dağa dönəndə bu sözləri az pıçıldamadım: “Qoy bu günün düşməni də at çapmasın harın-harın!”.

Sonralar sübhün-axşamın çəhrayı şüalarına gözüm sataşanda gördüm ki, heç demə, çəhrayının şəhid qanı kimi saçıla-saçıla yayılmağı da varmış. Bunu sonralar - 20 yanvar 1990-cı ildə qeyrətimin gözləri qan çəkəndə fəhm elədim - Bakıda, Naxçıvanda, Lənkəranda azadlıq istəyim neçənci dəfə qana qəltan oldu... Məmməd Araz “Amandı, qoruyun bir-birinizi” deyirdi. Qoruya bilmədik. “Qafası gildən, papağı küldən” olanlarımız da vardı... Allah eləsin, innən belə olmasın.

Məmməd Arazın şeirlərində güclü həyat eşqi, ehtiraslı milli kolorit var. Tünd çəhrayı rəng - Məmməd Arazın həmin rəngdə təcəssüm edən poetik ehtirasıdır, elə bilirəm.

Məmməd Araz poeziyasının yaddaşı möhkəmdir. Bu, Azərbaycan tarixinin, Azərbaycan torpağının və xalqının yaddaşıdır. Şair, elə bil, yaddaş qalasının mazğallarından tarix çöllərinə nəzər salır...

Bu yurda, bu torpağa o gündən ki, Araz çayı tənbölən olub, ruhumuzun bir guşəsinin qəmqalaq eləmişik. Yan ki, yanasan. Çək ki, çəkəsən. Laqeydliyi, biganəliyi bu cür qınamaq lazım idi. Əcdadların ruhuna belə ərk eləyərlər: “Səndən ötdü, mənə dəydi, Məndən ötdü, sənə dəydi, Səndən, məndən ötən zərbə Vətən, Vətən, sənə dəydi”. Ulu tənə, müqəddəs giley deyərəm bu sözlərə. Qobustan qayalarına həkk olunmalı sözlərdi. Görk üçün!

Gündəliyimdə Məmməd Arazın neçə-neçə çəhrayı misrası var... “Dəli gülüşlərim ağlar başımda, Təbriz oxuyurdu dağlar başında”. Ruhundan qopub gələn dəli gülüşlərlə güləsən, sonra həmin dəli gülüşlər ağlaya sənin başında... Dəli gülüşlərlə ağlamağı var şair qəlbinin. İllah da ki, Məmməd Araz qəlbi ola. “Neyləyim mən, neyləyim? Qələm aldım əlimə, Araz gəlir dilimə”.

Böyük rus rəssamı İ.Levitan irili-xırdalı, payızı təsvir edən yüzdən çox rəsm, etüd, tablo çəkib. Rus meşəsinin payızı ömrü boyu rəssamın fırçasına ilham verib. Bu mənada Məmməd Arazın bütün şeirlərində simvolik bir Qaya görünür. Azərbaycan Qayası. Vətən Qayası. Sergey Yesenin üçün ağcaqayın ağacı nədirsə, Məmməd Araz üçün Qaya odur. Əzəmətli, sal bir Qaya bu poeziyanın daimi yol yoldaşıdır. Qardaşdır Məmməd Arazla bu Qaya (“A daş qardaş!”). Dərinə daha çox boy vermiş olar bu Qaya. Dərinə daha çox boy verən Qayadır Məmməd Arazın poetik idrakı. Vətənin daş-qayasını Məmməd Araz kimi öyəsən! Dağları Məmməd Araz kimi duyasan!

Niyə Məmməd Araz poeziyası məhz çəhrayı rəng effekti oyadır məndə? Yəni əslində mənə elə gəlir. Bax, bu “mənə elə gəlir”in sirri nədir görən?

Haşiyə. Xalq şairi Sabir Rüstəmxanlı “Ömür kitabı”nda yazır: “... Naxçıvanlılar kosmonavt Leonovun sözlərini yaxşı xatırlayırlar. Məşhur kosmonavt görüşlərinin birində bu sözləri deyib: “Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan bütün Yer kürəsi Naxçıvan torpağının rəngində (çəhrayı) görünür”. Bax, belə. Heç demə, Məmməd Arazın poetik spektrində dönə-dönə mənim gözümə görünən rəng Naxçıvan torpağının öz rəngidi. Məmməd İnfil oğlu İbrahimovun doğma yurdu Naxçıvan torpağının, Nursu kəndinin. Bu cür kökə, özünə, torpağa bağlılıq Məmməd Araz sözünün mayasındadır.

1989-cu ilin noyabrında Naxçıvan-İran sərhədindən kəsilib gətirilmiş bir arşın tikanlı məftilin Bakıda mitinq iştirakçılarının göz yaşı ilə qarşıladıqları yadımdadır. 200 illik həsrətin tikanı necə dərinə işləmişdi. Və birdən sahillər qovuşmuş, “Araz üstə görüş mahnıları çalınmışdı”. Mənim dilimdə kədərli bir nida yarpaqladı onda: “Şəhriyar gəlmədi”. Bu “gəlmədi” sözündə necə ağır bir təəssüf vardı. Yanıb yaxıldım. Qulağımda isə iynəsi bir cığıra düşüb çıxa bilməyən patefon valı kimi bir misra elə hey səslənirdi: “Deyirlər tapılıb Babək qılıncı...”. “Deyirlər...”. Bəs sonra? Sonrası..? Sonra nə olsun, axı?!

Beləcə, həmişə gərəyimizdi Məmməd Araz sözü. Bütün ovqatlarda əlimizdən tutan sözdü. Haçansa Məmməd Araz adına ekslibris çəkən olsa, o Qayanı, o Çəhrayını hökmən təsvir etsin gərək.

Məmməd Araz sözünün alovu adamı uzaqdan vurur. Atəşgah bacasından çıxan ilğım kimi istidi, hənirlidi bu söz. Tünd çəhrayıdı bu söz. Bir baxın: “Azərbaycan - mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər...”. Beləcə, yurdun ulu daşlarına dil verib oxudur Məmməd Araz.

Vətən sevgisinin Məmməd Arazyana təəssübü, xalq ruhundan gələn yenilməzlik, xalq və torpaq yaddaşına hədsiz sədaqət, üstəgəl Araz həsrətinə tutuşan bağrımız - Məmməd Araz yaradıcılığında məni ən çox heyrətləndirən mövzulardır. Məmməd Arazın şeirlərində sözlə fikir, mənayla hiss, düşüncə ilə bədiilik biri-birinin içində bitir. Qapıları biri-birinin içinə açılır bu misraların.

Ey şöhrət hərisləri, təvazökarlıqda Məmməd Araza düzlənin! Onda görərsiz ki, “tərifsiz ömrün də öz tərifi var”.

Məmməd Araz Azərbaycan təbiətinin coşqun təəssübkeşidir. Onun ilhamında vətəndaşlıq qeyrəti dinir, xalqımızın qeyrət damarı vurur. Bu torpağın canlı bir əzasıdır Məmməd Araz şeiri.

Əgər belə demək mümkünsə, Məmməd Arazda bir səmədvurğunluq var. Ona həsr olunmuş şeirləri bir yerə toplasaq, bir kitab alınar. Nədir bu bağlılığın sirri? Hər şeydən əvvəl, Məmməd Arazın Vətən məhəbbəti, “Ana yurdum, hər daşına üz qoyum” sevgisi, bir də “ürəyimsiz kəlmə yazan deyiləm” səmimiyyəti. Məmməd Arazın Vətən məhəbbəti özgə cür dinir, özgə cür danışır. Şairin epiqraf misraları neçə-neçə şeir yazdırıb. Bütövlükdə Məmməd Araz poeziyası epiqraf poeziyadır, qanadlandıran, coşduran, çağıran poeziyadır. Məğrurluq və qürur poeziyasıdır. Mənəvi ucalığa çağırır bizi. “Keçmişinlə öyün, bu gününlə yaşa, sabahım yarat”, - deyir Məmməd Araz poeziyası.

Xəyal apardı məni. Gördüm dirsək-dirsək ucalmış azman dağlar arasında bir Şair “ürəyinə qulaq asmağa” gəlib. Ürək onu dirəyib divara, o - ürəyi. Özünü yaşamağa gah haqlı sayır, gah haqsız. İlhamın əbədi çək-çeviri. Kim cavab axtarmadı bu suala – “Mən kiməm, mən nəçiyəm”. Bu sualın cavabı varlığın, mövcudluğun nüvəsidir bəlkə. Özünü tanımayan kimsəni tanıya bilməz. Tanıyaq özümüzü! Hərdən bu sualla ayıldaq özümüzü gərək! “Dağda yıxılanda dağdan yapışdım, Enmədim kiçiyin kiçik dizinə. Əldən yapışanda haqdan yapışdım, Əldən yapışmadım əlim işinə!”.

Dağ-dağ böyüyür adamın ürəyi. Gördüm dirsək-dirsək ucalmış o azman dağlar Od Yurdunun dağlarıdı, o Şair - Məmməd Araz. Bu dağlar arasında ürəyinə qulaq asmağa gəlib. Demək, “vaxt tapıb ürəyinə qulaq asmağa”. Vaxt tapıb! Tapıb!

Firidun AĞAZADƏ,
şair-tərcüməçi

Mədəniyyət